Namiq Abdullayev: “Bütün bu nəticələr təlim-məşq toplanışlarının düzgün keçirilməsinin göstəricisidir”

Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında sərbəst güləş millimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan bahadırlarımız, eyni yarışlarda medalların əyarına görə ən yaxşı nəticəni göstərib.

Komanda hesabında dünya 4-cüsü olan millimiz dünən gecə Vətənə qayıdıb. Heydər Əliyev beynəlxalq aeroportunda komandamızı AGF rəsmiləri, məşqçilər, idmançılar, yığma üzvlərinin yaxınları və media nümayəndələri qarşılayıb. Millinin baş məşqçisi Namiq Abdullayev brifinqdə bunları deyib:

“Əvvəlcə bütün xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı arzulayıram. Bu uğurumuz müharibədəki qələbəmizin ildönümünə təsadüf etdi. İdmançılarımız iki dəfə bayrağımızı ən yüksəyə qaldırdı. Himnimizi səsləndirdilər.

Yüksək səviyyədə çıxış etməyimiz üçün Azərbaycan güləş federasiyası tərəfindən bütün şərait yaradılmışdı. Bizdən öncə yunan-Roma güləşçilərimiz 1 qızıl və 2 bürünc medal əldə etmişdi. Bütün bu nəticələr təlim-məşq toplanışlarının düzgün keçirilməsinin göstəricisidir. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana olan diqqət və qayğısı nəticəsində bu uğurlar qazanılır. İdmançılarımızı, onların şəxsi məşqçilərini, millinin məşqçiləri Zəlimxan Hüseynovla Arif Abdullayevi, federasiya rəhbərliyini və bütün əməkdaşlarımızı təbrik edirəm.

Heyətimiz əsasən gənclərdən qurulub. Bizi hələ çox yarışlar və uğurlar gözləyir. Bu komandayla Paris olimpiadasına hazırlaşacağıq. Bizə daim dəstək olan milli olimpiya komitəsinə və gənclər və idman nazirliyinə təşəkkürümüzü bildirirəm”.

Həmin kateqoriyadan