- Baxış sayı: 43
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Məhəmməd-Bəşir Xaniyev qazaxıstanlı Əlibəy Əbduqasımov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Əlibəyin həmyerlisi Yoldaş Kuanişbəyə vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Məhəmmədrəsul Asluyevi 4:2 hesabıyla üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.
Arseniy Cioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçənə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Məhəmmədhəbib Hacıməhəmmədov zədə üzündən xalçaya çıxmadığı üçün Cioyev qızıl medala sahib çıxıb.
Osman Nurməhəmmədov (92 kq) bəhreynli Məhəmməd Şərifovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Əbubəkir Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb. Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.