Ciu-citsu üzrə klublararası açıq çempionat keçirilib

Bu gün Azərbaycan – Braziliya ciu-citsu klubunun təşkilatçılığı ilə ictimai birliyin filial və klublararası açıq çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, açılışda çıxış edən ictimai birliyin prezidenti Aqil Acalov iştirakçıları salamlayaraq, idmanın insanların fiziki və psixoloji sağlamlığımda rolunun əhəmiyyəti, idmanın kütləviliyinin artırılması, idman növünün daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

İctimai birliyin təsisçisi, Braziliya ciu-citsu sənətinin Azərbaycandakı banisi Taleh Həsənov çıxışında ölkəmizdə bu idman növünə olan marağın artdığını qeyd edərək idmançılara yüksək nailiyyətlər arzulayıb.

İctimai birliyin sədri Fuad Kərimov və sədr müavini Anar Səfərov, öz növbələrində, fəaliyyət planları və inkişaf perspektivləri haqqında danışmış və bütün idmançılara uğurlar arzulayaraq onların idman həyatında yeni nailiyyətlər qazanmasını diləyiblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, dövlət himni səsləndirilib və yarışa start verilib. Uşaq, yeniyetmə, gənc, böyük və veteran idmançılar Gİ və NO-Gİ versiyaları üzrə mübarizə aparıblar.

Nəticə etibarilə, ümumi komanda hesabında “Suraxanı” 1-ci, BJJA 2-ci, “Əkbər Hadiyev” 3-cü yer tutublar.

Həmin kateqoriyadan