“Çox həyəcanlıyam, hər şey yaxşı olacaq”

FİFA prezidenti Canni İnfantino Meksikada baş verən son iğtişaşlara baxmayaraq, 2026-cı il dünya çempionatının bu ölkədə keçiriləcəyinə əminliyini ifadə edib.

Allsport.az xəbər verir ki, Kolumbiyanın Barrankilya şəhərində jurnalistlərə açıqlama verən FİFA rəhbəri turnirin yüksək səviyyədə təşkil olunacağını vurğulayıb.

İnfantino hazırlıq prosesindən məmnunluğunu belə ifadə edib: “Çox həyəcanlıyam, hər şey yaxşı olacaq. Bu, möhtəşəm bir tamaşa olacaq”.

Fevralın 22-də Meksika müdafiə nazirliyinin narkokartel lideri “El Menço” ləqəbli Ruben Nemesio Oseqera Servantesin ələ keçirilməsi üçün keçirdiyi xüsusi əməliyyatdan sonra ölkədə vəziyyət gərginləşib. Narkobaronun ölümü ilə nəticələnən əməliyyatdan sonra dünya çempionatının oyunlarına ev sahibliyi edəcək Qvadalaxara da daxil olmaqla, bir neçə şəhərdə iğtişaşlar başlayıb.

2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.

Həmin kateqoriyadan