- Baxış sayı: 55
- 01 Dekabr 2024 23:33
- Baxış sayı: 316
- Dekabr 02, 2024
- 0
Əcnəbilərlə işbirliyini özünə başlıca hədəf götürən Azərbaycan cüdo federasiyası, qadın millimizin azərbaycanlı baş məşqçisi Rəşad Məmmədovla yolunu ayırıb. Onun köməkçiləri vəzifələrində qalıblar. Təcrübəli çalışdırıcıya ayrı iş təklifi gəlməyib. Allsport.az saytının əldə etdiyi məlumata görə, hazırda Fransa və Almaniyadan olan mütəxəssislərlə danışıqlar gedir. Adı ilk çəkilən ölkənin nümayəndəsi qadındır. Maraqlıdır ki, ACF, bir müddət öncə, olimpiya ilində elə zərif cincin nümyəndəsi olan çalışdırıcını (azərbaycanlı Kifayət Qasımova) gənclər millisindən uzaqlaşdırmışdı.
Rəşad Məmmədova gəlincə, o, İbadulla Şahbanovla birgə ölkədə sayılıb-seçilən qadın cüdosu məşqçilərində hesab olunur. Elçin İsmayılovun qısa baş məşqçiliyi dönəmində, Bakı-2017 İslam oyunlarında seçməmiz uğurlu çıxışı ilə yadda qalıb. Qadınlar, cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzinə ( “Neftçi”nin keçmiş bazası) köçənə qədər “Atilla” idman klubunda hazırlaşıb. Sözü gedən mütəxəssis baş məşqçi olduğu dönəmdə, uğurlu nəticələrə nail olub.
Poznanda gənclərin qitə kubokunda (2022) Aytac Qardaşxanlı (63 kq) 1-ci, Könül Əliyeva (48 kq) və Səbinə Əliyeva (57 kq) 2-ci; Sarayevoda böyüklərin Avropa kubokunda Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) 3-cü; Banya Luka gənclərin Avropa kubokunda Könül Əliyeva (48 kq) 2-ci, Aytac Qardaşxanlı (63 kq) 3-cü; Banska-Bistritsa-2022 Avropa gənclərinin yay olimpiya festivalı Fidan Əlizadə (57 kq) 1-ci, Könül Əliyeva (48 kq) 2-ci, Aydan Vəliyeva (52 kq) 3-cü; Konya-2021 İslam həmrəyliyi oyunlarında Könül Əliyeva (48 kq) 2-ci olub.
Maribor-2023 Avropa gənclər olimpiya festivalında (EYOF) qızlardan ibarət millimiz tarixində ilk dəfə EYOF-da medal sıralamasında əyara görə 1-ci yer tutub. Bu, həm də qızlar arasında böyük yarışlarda qazanılan ilk belə nəticə idi. Vüsalə Hacıyeva (48 kq) ilə Xədicə Qədəşova (52 kq) baş mükafata yiyələniblər. Odivelasda yeniyetmələrin qitə birinciliyində adı ilk çəkilən təmsilçimiz bütün rəqiblərini məyus edib.
Bielsko Bialada yeniyetmə qızların Avropa kubokunda Vüsalə Hacıyeva (48 kq) 1-ci, Xədicə Qədəşova (52 kq) 2-ci olub. Poznanda gənclərin Avropa kubokunda 78 kq-da Nərmin Əmirli bürünc medala sahib çıxıb.
Zaqrebdə yeniyetmələr cüdoçuların dünya birinciliyində 52 kq-da Xədicə Qədəşova finalda Fransa təmsilçisi Alisya Pulanjı məğlub edərək, qızlar arasında ölkəmizə ilk ən yüksək titulu qazandırıb.
Tokio-2020-də Rəşad Məmmədovun rəhbərliyi ilə İrina Kindzerska bürünc medal qazanıb. Paris yay olimpiya oyunlarında ölkəmiz qadınlarda ilk dəfə 2 idmançı ilə təmsil olundu. Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) “dördillik”də böyük təcrübə topladılar. Bu cüdoçular əsas millidə ümidlilərdən sayılırlar. Sentyabrda Talində gənclərin qitə birinciliyində Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) baş mükafaya yiyələniblər. Ötən ay Polşada U-23 qitə çempionatında Fidan Əlizadə (57 kq) 1-ci, Aydan Vəliyeva (52 kq) 2-ci yer tutub. Göründüyü kimi, Rəşad Məmmədovun komandası qadın millisində etibarlı təməl qoyub. Onu əcnəbilərin necə davam etdirəcəyini isə zaman göstərəcək.