“Erməni rəqiblə görüşdə heç bir həyəcan yox idi”

Serbiya paytaxtı Belqradda şəxsi dünya kubokunda yunan-Roma güləşçimiz İslambəy Dadov 67 kq-da gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, uğurlu çıxışı barədə bunu deyib:

“İlk 2 görüşüm rahat keçdi. Hər ikisində vaxtından əvvəl qələbə qazandım. Əslində bütün qarşılaşmalara 6 dəqiqəlik mübarizə kimi baxıram və buna uyğun köklənirəm. Bəzisi vaxtından əvvəl başa çatır, bəzisi isə son saniyəyə kimi davam edir.

Erməni rəqiblə görüşdə heç bir həyəcan yox idi. Qarşılaşmaya yaxşı köklənmişdim. Ermənistanla münasibətlər hamıya bəllidir. Yanvarda Fransada keçirilən beynəlxalq turnirdə Qalstyana uduzmuşdum. Yenidən ona məğlub olmaq istəmirdim. Yalnız və yalnız qələbə haqqında düşünürdüm. Görüşə tam hazır idim. Allaha şükürlər olsun, qələbə qazana bildim.

Yarımfinaldakı rəqibim olan ukraynalı güləşçi ilə heç vaxt qarşılaşmamışdım. Ancaq praktiki olaraq onu tanıyırdım.
Finala gəlincə, qələbə qazanmağa yaxın idim. Bunun üçün bütün gücümü ortaya qoydum. Bu dəfə o qalib gəldi, gələn dəfə qələbə bizim tərəfimizdə olar.

Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, pandemiya şəraitinə baxmayaraq, yarışda iştirakımız üçün əllərindən gələni ediblər. Həmçinin, məşqçilərə təşəkkürümü çatdırıram”.

Həmin kateqoriyadan