Fərid Qayıbovun sədrliyi ilə iclas

Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun mənzil qərargahında idmanda dopinqə qarşı beynəlxalq konvensiyaya tərəf dövlətlərin onuncu konfransı (COP10) bürosunun birinci rəsmi iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda UNESCO-nun baş direktorunun müavini (ADG) Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasda iştirak ediblər.

Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, büronun növbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.

Büronun ilk rəsmi iclasından əvvəl gənclər və idman naziri Fərid Qayıbov 26 martda “İdmanda dopinqin kökünün kəsilməsi fondunun” təsdiq komitəsinin ikinci rəsmi iclasında Büronu təmsil edib.

Fərid Qayıbov həmçinin büroda təmsil etdiyi II qrupun (mərkəzi və şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı COP10 bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiya federasiyasının idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü baş tutub.

Həmin kateqoriyadan