Feyr pley mükafatı FİFA könüllülərinə təqdim olundu

Yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirilmiş FİFA Ballon d’Or 2014 tədbirində 1987-ci ildən bəri hər il müxtəlif fan-klublar, assosasiyalar və fərdi oyunçulara verilən Feyr Pley mükafatı bu dəfə FİFA könüllülərinə təqdim olunub. Allsport.az xəbər verir ki, mükafatı təqdim edən FİFA-nın baş katibi Jerome Valcke çıxışında deyib:

“Qürur hissi ilə bildirmək istərdim ki, minlərlə könüllülər bizim üçün örnəkdir. Onlar öz vaxtlarını və enerjilərini sərf edərək bizə Dünya Çempionatlarını daha da yaxşı keçirmək üçün kömək edirlər. Könüllülər bizim turnirlərə həvəs və hərarət qatırlar. Onlar turnirlərimizə xüsusi töhfə verirlər və bu ruhlandırıcı şəxslər olmasa, biz tədbirlərimizi dünyaya istədiyimiz kimi sərgiləyə bilməzdik”.

Xatırladaq ki, 2011-ci ildən başlayaraq AFFA-nın Könüllülük Proqramı həyata keçirilməkdədir. Ölkəmizdə futbol sahəsində könüllülüklə bağlı indiyə qədər keçirilmiş ən irihəcmli tədbir FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 olub. Çempionat ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak edib. Beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişafına töhfə olaraq 2014-cü ilin mayında AFFA-nın təşkilatçılığı ilə 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlərin iştirakı etdiyi Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib.

Həmin kateqoriyadan