FİDE prezident şurasının iclası başa çatıb

Bakıda təşkil edilən Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclası sona çatıb. Allsport.az saytı xəbər verir ki, 2 günlük toplantıda 40-a yaxın məsələ ətrafında təkliflər irəli sürülüb və fikir mübadiləsi aparılıb. 

İclasdan öncə FİDE vitse-prezidenti Naycel Şort çıxış edərək Argentinanın Folklend Adalarında şahmat turnirinin keçirilməsinə etiraz edərək Beynəlxalq Şahmat Federasiyası tərəfindən nəticələrin qəbul edilməməsini təklif edib. FİDE rəsmiləri təklifi qəbul edib. Çıxış edən FİDE-nin vitse-prezidenti həmyerlimiz Mahir Məmmədov ümumiyyətlə heç bir dövlət tərəfindən tanınmayan ərazilərdə turnirlərin keçirilməsini pisləyib. FİDE rəsmisi Azərbaycanın 20% ərazisinin işğal edildiyini xatırladaraq həmin torpaqlarda şahmat turnirlərinin yalnız Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilməsinin mümkünlüyünü qeyd edib, FİDE-nin belə hallara diqqətli yanaşmasının və bu barədə qurumun nizamnaməsinə əlavələrin olunmasının vacibliyini qeyd edib. 

FİDE rəsmiləri maliyyə şəffaflığını təmin etmək üçün illik büdcəni müzakirə etdilər. İllik xərclərə yenidən baxıldı və yaranmış bəndlər üzrə bölgülər aparıldı. Toplantı zamanı Avropa Şahmat İttifaqının keçirdiyi yarış və tədbirlər barədə hesabatı dinlənildi. O cümlədən bütün qitələr üzrə şahmatın vəziyyəti müzakirə edildi, təşkil olunan yarışların hesabatı təqdim edildi.

FİDE-nin rəsmi saytının yenilənməsi, eləcə də loqoya dəyişiklik edilməsiylə bağlı müzakirələr aparıldı, təkliflərt dinlənildi. Xüsusilə fide.com saytının dizayn baxımından funksional dəyişikliyə ehtiyac olması qeyd edildi, qısa zamanda yeni versiyanın hazırlanmasıyla bağlı tapşırıqlar verildi.

İclasda Kayman Adalarının FİDE üzvlüyünə qəbul edilməsi təklif olundu. Bununla bağlı Kayman Adalarında şahmata maraq və digər amillər barədə məlumat verildi. Prezident Şurası Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Olimpiya Komitəsinin prinsiplərində bu məsələylə bağlı ziddiyyətlərin olduğunu əsas gətirərək təklifin müzakirə edilməsinə ehtiyac olduğunu vurğuladı.

Prezident Şurasında münaqişədə olan bəzi ölkə şahmatçılarının o cümlədən müsəlman, xüsusilə ərəb ölkələrinin təmsilçilərinin İsrail şahmatçılarıyla beynəlxalq yarışda bir-birlərinə qarşı oynamaq istəməməsi geniş müzakirə obyekti olub. Bu mənada idmanın siyasətdən kənar olduğu növbəti dəfə qeyd olunub, iki ölkə arasında elan olunmamış müharibə vəziyyətinin davam etməsinə baxmayaraq Azərbaycan şahmatçılarının Ermənistan təmsilçiləriylə mübarizədən yayınmaması müsbət hal kimi nümunə göstərilib. FİDE nümayəndələri məsələylə bağlı xüsusi qərarın qəbul edilməsini təklif edib. Münaqişədə olan ölkələrin şahmatçıları beynəlxalq yarışlarda bir qayda olaraq şahmat lövhəsində mübarizə aparmaqdan imtina etməməlidi. Müzakirələrin nəticəsi olaraq ilk dəfə mübarizədən imtina edən şahmatçıya xəbərdarlıq ediləcək, bu hal təkrarlanacağı halda cəza tətbiq olunacaq. Cəza növü FİDE-nin növbəti iclaslarında müzakirə ediləcək. 

Eyni zamanda FİDE Baş Assambleyasının iki ildə bir dəfə deyil, hər il toplaşması məsələsi qəbul olunub. 

Həmin kateqoriyadan