- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FİFA-nın Etika Komitəsinin istintaq palatasının başçısı Maykl Qarsia istefa verib. Allsport.az xəbər verir ki, bununla o, 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkiləri ilə bağlı araşdırmalarının nəticələrinin hansı şəkildə təqdim olunmasına etirazını bildirib.
Daha əvvəl bildirilib ki, FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoahim Ekkert 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkiləri prosesində Qarsiyanın hesabatı əsasında pozuntu halları tapmayıb. Qarsiya bildirib ki, Ekkertin hesabatında araşdırmanın gedişatı haqqında natamam və yanlış məlumatlar yer alıb. Buna görə də apelyasiya şikayəti verib. Dekabrın 16-da FİFA Qarsiyanın apelyasiyasını əsassız sayıb. Qarsiyanın bəyanatında deyilir:
“Hesabatımı Ekkertə təqdim etdikdən sonra mənə dedi ki, onu yalnız ixtisar edilmiş şəkildə dərc etmək olar. Mən hesabatın yalnız bir hissəsinin açıqlanmasının FİFA-nın maraqlarına cavab verməyəcəyindən narahat oldum və FİFA-nın İcraiyyə komitəsini onu tam şəkildə dərc etməyə çağırdım. Lakin bunun əvəzində İK mənim işimi intizam komitəsinə verərək, məni etika məcəlləsini pozmaqda ittiham etdi”.
Qarsiyanın sözlərinə görə, o, Ekkertə 430 səhifəlik material təqdim edib. Redaktədən sonra materialın cəmi 42 səhifəsi qalıb. O, daha sonra deyib: “Görünür, Ekkertin hesabatı 2018 və 2022-ci illər dünya çempionatlarının təşkilatçı ölkələrinin seçkilərinin qanunauyğunluğu haqqında qərarın qəbul edilməsində son söz olacaq. Doğrudur, İdman Arbitraj Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Lakin mən belə qənaətə gəlmişəm ki, bunun heç bir əməli faydası olmayacaq. Təşkilatın mədəniyyətini heç bir müstəqil komitə, müstəntiq və arbitraj palatası dəyişdirə bilməz. Ekkertin hesabatının açıqlanmasından sonra Etika Komitəsindəki həmkarlarımın müstəqilliyinə inamımı itirdim. FİFA-da bu sahədə liderin olmaması məni istefa qərarı almağa məcbur etdi”.
UEFA prezidenti Mişel Platini Maykl Qarsiyanın istefasını FİFA-nın növbəti uğursuzluğu adlandırıb. O deyib: “Biz hamımız şəffaflıq istəyirdik, lakin bu, FİFA-nın yeni uğursuzluğudur”.
FİFA prezidenti Yozef Blatter isə Qarsiyanın istafa verməsini təəccüblə qarşılayıb. FİFA-nın mətbuat xidmətinin məlumatında deyilir ki, qurumun Etika Komitəsinin istintaq palatasının yeni başçısı icraiyyə komitəsinin dekabrın 19-20-də Mərrakeşdə keçiriləcək iclasında seçiləcək.