Gənc güləşçilərin ölkə çempionatının açılışı

Bu gün güləş üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatına start verildi. Allsport.az xəbər verir ki, ilk yarış günündə 7 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutdu. Medal görüşlərindən öncə çempionatın təntənəli açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bunları dedi:

“Uzun müddətdir güləş yarışlarından uzaq qalmışdıq. Artıq hər şey tədricən yoluna düşür. Bu gün gənc idmançıların, gələcəyin çempionlarının yarışlarını izləyə bilirik. Çempionatın keçirilməsində əməyi olan güləş gederasiyasına və təşkilat komitəsinə təşəkkürümü bildirirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Sonra söz AGF-in vitse-prezidenti Namiq Əliyevə verildi: “Pandemiya ilə əlaqədar bu yarışı keçirə bilmirdik. Uzun fasilədən sonra gənclərin Azərbaycan çempionatı baş tutur. Martda 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək. Bu yarışda çempion olan güləşçilərin əksəriyyəti həmin qitə birinciliyində ölkəmizi təmsil edəcək.

Olimpiya oyunlarına demək olar ki, 2 il qalıb. Bu çempionatın qaliblərinin ölkəmizi Paris-2024-də təmsil etmək şansları yüksəkdir. Bu səbəbdən gənclərin Azərbaycan çempionatının bizim üçün böyük əhəmiyyəti var. Yarışımıza təşrif buyurduğu üçün cənab nazirimizə təşəkkürümü bildirirəm”.

Federasiya rəsmisi yarışı açıq elan etdikdən sonra dövlət himni səsləndirilib və açılış mərasimi başa çatıb.

Həmin kateqoriyadan