Yeni gənclər və idman naziri kollektivə təqdim edilib. Toplantıda Azad Rəhimovun xatirəsi anılıb

Prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncama əsasən, gənclər və idman naziri vəzifəsinə təyin edilən Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olunub. Allsport.az saytı xəbər verir ki, yeni naziri prezident administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, 1-ci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev təqdim edib. Öncə uzun illər GİN-ə rəhbərlik etmiş, ölkəmizdə bu sahənin inkişafında mühüm xidmətləri olmuş sabiq nazir Azad Rəhimovun xatirəsi anılıb.

Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək dövlətimizin başçısının sentyabrın 7-də imzaladığı müvafiq Sərəncamı diqqətə çatdırıb, Fərid Qayıbovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, o, idman ictimaiyyətində kifayət qədər yaxşı tanınır, uzun müddət Azərbaycan gimnastika federasiyasında bir sıra məsul vəzifələrdə çalışıb, Avropa gimnastika federasiyasının prezidenti vəzifəsinə seçilib. İlk dəfə azərbaycanlı mütəxəssis olimpiya növü üzrə beynəlxalq federasiyada rəhbər vəzifəyə təyin olunub.

Diqqətə çatdırılıb ki, ölkəmizdə idman sahəsi sürətlə inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Lakin qazanılan uğurlara baxmayaraq, mövcud olan bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır.

Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi bacaracağıma inanıram. Dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, Azərbaycan idmanındakı çətinlikləri aradan qaldırmağa hazır olmalı, bu sahədə strategiya müəyyənləşdirməliyik”.

Nazir bildirib ki, Azərbaycanda idman sahəsində müəyyən uğurlu nəticələr olsa da, bununla kifayətlənmək olmaz. Azərbaycanda idmanın daha da inkişafı üçün yeniliklərə ehtiyac duyulur. Bunun üçün də ciddi səy göstərilməlidir.

Həmin kateqoriyadan