Həmyerlimiz növbəti 4 il müddətinə Beynəlxalq universal döyüş federasiyasına prezident seçilib

Antalya şəhərində Beynəlxalq universal döyüş federasiyasına prezident seçkiləri keçirilib. Allsport.az saytı xəbər verir ki, nəticəyə əsasən Azərbaycan universal döyüş federasiyası tərəfindən namizədliyi irəli sürülən Azər Həsənov növbəti 4 il müddətinə beynəlxalq quruma prezident seçilib. 

Yeni vəzifəsi ilə bağlı açıqlama verən Azər Həsənov bildirib ki, universal döyüş idman növü hazırda 53 ölkədə fəaliyyət göstərir. Federasiyanın rəhbərliyinə seçilməsi ölkəmizdə idman sahəsində görülən işlərin, həmçinin Azərbaycan prezidentinin uğurlu daxili və xarici siyasətinin növbəti bariz nümunəsidir.

Beynəlxalq universal döyüş federasiyası 17 nəfərdən ibarət icraiyyə komitəsi tərəfindən idarə olunur. Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təmsilçilərimiz bu idman növü üzrə 2003-cü ildən etibarən beynəlxalq yarışlarda təmsil olunurlar. 2006-cı ildə ölkəmizdə universal döyüş üzrə dünya çempionatı, 2010-cu ildə isə Avropa çempionatı uğurla keçirilib. 2004-cü ildən etibarən ümummilli liderin xatirəsinə ənənəvi beynəlxalq turnir təşkil olunur.

Universal döyüş gənclərin hərbi xidmətədək dövrdə hərtərəfli fiziki və taktiki hazırlığını təmin edən kompleks idman növüdür. Yarışlar iki mərhələdən – rəqiblə döyüş və maneələr zolağından ibarətdir. Maneələr zolağına 2 metrlik hündürlük səddi, 5 metr uzunluğunda qum tuneli, 10 metrlik məsafədən pnevmatik silahla atəş, 3 metrdən hədəfə bıçaq atma, 6 metrlik tor maneəsinə dırmanma və kanatla enmə daxildir.

Həmin kateqoriyadan