Həndbolçular üçün avrokubok həyəcanı

Həndbol klublarımız Avropa kubokunda mübarizəyə başlayır.

Allsport.az xəbər verir ki, ölkə çempionu “Qarabağ” Avropa kubokunda mübarizəyə 1/32 finaldan başlayacaq. İlk rəqib Lüksemburqun “Differdanj” klubudur. Qarşılıqlı razılaşmaya əsasən mərhələnin hər iki oyunu Bakıda olacaq. Oktyabrın 5-də “AHF arena” idman kompleksində keçiriləcək ilk oyunda “Qarabağ” komandası nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-ə təyin olunub. Bu komandaların cavab matçı isə 1 gün sonra, elə eyni saatda keçiriləcək. Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da saat 17-də olacaq.

Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-i Afinanın gimnastika arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19-da səsləndiriləcək. Ertəsi gün isə bu komandaların dueli saat 17:30-da start götürəcək.

Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa kubokuna mübarizəyə “Parnassos Strovolou” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür olimpiya tədris-idman mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-ı saat 17-də, cavab matçı isə bir gün sonra saat 16-da keçiriləcək.

Ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə səfərdə meydana çıxacaq. Monteneqronun “Lovçen Çetine” komandası ilə hər iki matç rəqib meydanında oynanılacaq. Oktyabrın 26 və 27-ə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20-də start götürəcək.

Həmin kateqoriyadan