Həsrət dünya çempionu oldu, Ülvü bürünc medal qazandı

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, 2-ci yarış günündə 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib. Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib. 
Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb. Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb. Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb.

Ülvü Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. 1/8 finalda Hindistan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda Qənizadə minimalhesablı qələbəyə sevinib. Ülvü 1/4 finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Noyabrın 3-də İran güləşçisiylə həlledici görüş olduqca dramatik alınıb. Belə ki, ilk hissə başa çatanda rəqib hesabda 6:0 öndə olub. Ancaq ikinci hissədə əsl əzmkarlıq örnəyi göstərən Ülvü möhtəşəm geridönüş edərək həmkarını böyük fərqlə üstələyib və dünya çempionatının bürünc medalına sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Bu, yığmamızın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.  

67 kq
1/16 final: Həsrət Cəfərov – Dieqo Martines (Meksika) 3:1
1/8 final: Həsrət Cəfərov – Vasile Dosoftei (Rumıniya) 10:1
1/4 final: Həsrət Cəfərov – Sultan Assetuli (Qazaxıstan) 9:2
1/2 final: Həsrət Cəfərov – Kadir Kamal (Türkiyə) 4:1
Final: Həsrət Cəfərov – Məhəmməd Rezayi (İran) 3:2

72 kq
1/16 final: Ülvü Qənizadə – Liqilik Satimkul (Qırğızıstan) 5:0
1/8 final: Ülvü Qənizadə – Vikaş Vikaş (Hindistan) 6:5
1/4 final: Ülvü Qənizadə – Atilla Toesmaqi (Macarıstan) 2:1
1/2 final: Ülvü Qənizadə – Sergey Kutuzov (Rusiya) 2:3
Bürünc medal görüşü: Ülvü Qənizadə – Amir Abdi (İran) 12:7

Həmin kateqoriyadan