- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sərbəst güləş millisinin öncülü Hacı Əliyevlə federasiya rəhbərliyi arasında buzlar əriyib. 3-qat dünya çempionu Hindistanda keçirilən peşəkar güləş liqasında sonra əsas yığmaya dönüb. Ona qədər ünlü idmançı gənclərdə məşq edirdi. 28 yaşlı bahadırın incikliyinə səbəb ötən il Dağıstanın Kaspiysk şəhərində keçirilmiş Avropa çempionatında qazandığı qızıl medalın müqabilində AGF tərəfindən mükafatlandırılmamasıdır.
O bu barədə keçən ilin noyabrın 12-də Güləş Olimpiya Mərkəzində federasiya rəhbərliyi ilə milli komandaların görüşündə prezident əvəzi Namiq Əliyevə desə də, müsbət cavab almayınca toplantını tərk etmişdi. AGF ilk dönəmdə barışıq üçün addım atmayaraq, onun yerinə Buenos Ayres-2019 yeniyetmələrin olimpiya oyunlarının 65 kq-da qalibi Turan Bayramovu Tokio-2020-yə hazırlayırdı. Bu gənc idmançı gəncəlidir, Namiq Əliyevin həmyerlisidir.
Olimpiya çempionu və mükafatçısı Toğrul Əsgərov da milliyə dönsə də, 2-3 gündən sonra yenə görünməyib. Yəqin, dünya şöhrətli mütəxəssis Firdovsi Umudov baş məşqçilikdən ayrılandan sonra komandada nizam-intizam elə yüksək vəziyyətdə deyil. Yeni baş katib Orxan Məmmədov da işinin öhdəsindən lazımınca gələ bilmir. Bu günlərdə AMADA-nın yeni hesabatında daha 2 güləşçinin dopinqə düşərək uzun müddətə cəzalanması onun nüfuzuna növbəti zərbə vurub. Çünki federasiyada icraçılıqda cavabdeh şəxs məhz odur.
Hacı Əliyev awf.az-a açıqlamasında deyib ki, hələ tam formada deyil: “65 kq ən güclü çəkilərdən biridir. Bütün rəqiblər çətindir. Bildiyiniz kimi, bu il dünya çempionatı lisenziya xarakteri daşıyacaq. Bütün güləşçilər var gücünü ortaya qoyacaq. Fikrimcə, əsas rəqiblər Rusiya, Kuba, Hindistan və Yaponiya güləşçiləri olacaq. 2-ci Avropa oyunlarında isə Rusiya idmançısıyla yanaşı, Gürcüstan və Ukrayna təmsilçilərini də təhlükəli rəqib saymaq olar. Əlimdən gələni edəcəyəm ki, yaxşı nəticə göstərim. Neçə ildir güləşdəyəm. Təcrübəm yetərincədir. Sadəcə, bir qədər fiziki gücü artırmaq lazımdır”.