- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Parisdə keçirilən dünya çempionatında 3-cü dəfə baş mükafatı qazanmaqla tarix yazan sərbəst güləşçimiz Hacı Əliyev Vətəndə KİV nümayəndələrinin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, o, bundan sonra hədəfinin daha yüksək olduğunu deyib:
“Dünya çempionatında zəif rəqib olmur. Hər bir rəqib güclüdür və hər bir rəqibə qarşı güləş taktikası fərqli olur. Rəqiblərimin hamısını tanıyıram. Çəkimdə dünya və olimpiya çempionları vardı. Sevinirəm ki, üçüncü dəfə Dünya çempionu oldum. Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim.
Bütün çempionluqlar idmançı üçün uğurdur. Bura qədər çox əziyyətlər çəkmişik. Bu qələbə təkcə mənim əziyyətim deyil, bütün yığma komandanın zəhmətidir. Cənab prezidentimizin idmançılara qayğısının nəticəsidir ki, bu gün bu nailiyyətlər var. Həm yığma komandanın məşqçiləri, həm də şəxsi məşqçilərimə, hər birinə təşəkkürümü bildirirəm. Üzərimdə kimin əməyi varsa, halal etsin. Bu tək mənim qələbəm deyil, bütün Azərbaycan xalqının qələbəsidir.”
Olimpiya çempionu olmaq istədiyini bildirən Hacı Əliyev növbəti yarışlarda 65 kq çəki dərəcəsində çıxış edəcəyini bildirdi: “Komandamızda medal az idi. İstəyirdim ki, həm komandamızda qızıl medal olsun, həm özüm üçün bir tarix yazım, həm də komandamızda bir az ruh yüksəkliyi yaradım. Şükür Allaha, bunu bacardım. Çox sevinirəm ki, üçüncü dəfə bu qələbəni qazanmışam.
Olimpiya çempionu olmaq istəyirəm. Ancaq qarşıda yenə Avropa və dünya çempionatları, yarışlarımız çox olacaq. İnşallah, hazırlaşacam və bir çəki yuxarıda çıxış edəcəm. Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində çıxış etməliyəm. Əlimdən gələni edəcəm ki, nə qədər ki idmanda varam, böyük uğurlar qazanım.”
Yaxşı hazırlıq prosesi keçdiklərini bildirən Hacı Əliyev Qarabağ klubunun çempionlar liqasına vəsiqə qazanmasının da onları sevindirdiyi qeyd etdi: “Rusiya millisinin üç üzvü finalda olsa da qızıl medal qazana bilmədilər. Bizim qızıl medal qazanmağımız mənə elə gəlir ki, bizim onlardan daha yaxşı hazırlıqlı olmağımızla bağlıdır. Daha yaxşı hazırlıq prosesi keçməyimizin nəticəsidir ki, bizdə qızıl medal oldu, onlarda isə yox.
Biz dünya çempionatında olarkən Qarabağ futbol klubunun çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazandı və bütün xalqımızı, o cümlədən bizi sevindirdi. Fürsətdən istifadə edərək, Qarabağ klubuna da uğurlar arzulayıram. Azərbaycanımıza belə gözəl qələbələr yaraşır və inşallah bu qələbələr çox olar.”