İlham Əliyev: Avropa çempionatı qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi

Ölkə başçısı İlham Əliyev qadınlar voleybolçuların Avropa çempionatında 4-cü yer tutan millimizi qəbul edib. Allsport.az saytı xəbər verir ki, prezident layiqli çıxış etmələri münasibətilə komandamızı təbrik edib. Bildirib ki, yığmanın çıxışı bütün azarkeşlərə böyük sevinc gətirib: Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər.

Çempionatın yalnız Bakıda deyil, həm də regionda – Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlətimizin başçısı deqib ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir”.

Prezident İlham Əliyev bu yaxınlarda Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırladıb. “Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, qrupdakı və dörddəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.

“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, – deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi. Dövlətimizin başçısı bildirdi ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.

AzərTAc-ın mnəlumatına görə, prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu dedi. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirdi. Dövlətimizin başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirib.

“Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, – deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

 

Həmin kateqoriyadan