İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Allsport.az saytı xəbər verir ki, dövlət başçısı 2 ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyərək, Avstriyanın keçmiş prezidenti Haynts Fişerin Azərbaycana və özünün Avstriyaya rəsmi səfərini məmnunluqla xatırladıb. İqtisadi sahədə əməkdaşlığın da çox yaxşı səviyyədə olduğunu deyən İlham Əliyev, bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulatıb. Dövlətimizin başçısı əminliklə qeyd edib ki, Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Odlar yurduna səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

Azərtacşaz-ın məlumatına gorə, vitse-kansler Haynts-Kristian Ştraxe Avstriyanın kansleri Sebastian Kurtsun salamlarını dövlətimizin başçısına çatdırıb. O, qeyd edib ki, böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu deyib.

Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif etdi. O, eyni zamanda, bildirib ki, ölkəsi Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkəmizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır. Qonaq, həmçinin qeyd etdi ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır.

Dövlətimizin başçısı Avstriya kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın federal kanslerinə çatdırmağı xahiş edib.

Həmin kateqoriyadan