İli mötəbər beynəlxalq konfransla yekun vuracaq

Azərbaycan milli antidopinq agentliyi (AMADA) 2024-cü ilə mötəbər beynəlxalq konfransla yekun vuracaq. Allsport.az saytı xəbər verir ki, cari ildə 3-cü dəfə beynəlxalq konfrans təşkil edən AMADA, 16 dekabrda idman ictimaiyyətinin nümayəndələrini və antidopinq sistemində məsul şəxsləri yenidən bir araya toplayacaq.

Gənclər və idman nazirliyinin dəstəyi ilə Bakıda, “Four Season” mehmanxanasında “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” adı altında təşkil olunacaq beynəlxalq konfransda dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya antidopinq agentliyinin (VADA), Beynəlxalq test agentliyinin (İTA), digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, nüfuzlu ali təhsil ocaqlarının professorları və mütəxəssislər iştirak edəcəklər.

Sessiyalar üzrə davam edəcək konfransda Paris-2024-ün yekunlarına nəzərə salınacaq, dopinqin aşkarlanmasında yenilikçi tədqiqatlar və gələcək çağırışlar, dopinq nəzarəti prosesində dəqiqlik, olimpiya antidopinq səylərində əldə olunan nailiyyətlər, antidopinqdə təhsil və elmin öncüllüyü kimi mövzular müzakirə olunacaq.

Tədbirin məqsədi antidopinq sahəsindəki təcrübə və biliklərin artırılması, elmi araşdırmaların dəstəklənməsi, həmçinin idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı mübarizənin və maarifləndirmənin gücləndirilməsindən ibarətdir.

Konfrans çərçivəsində AMADA və “Gilavar” foto klubunun birgə təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunacaq.

Beynəlxalq konfransın informasiya dəstəkçisi Azərbaycan dövlət informasiya agentliyi olacaq.

Həmin kateqoriyadan