“İranlı məşqçilər gəncliyimi əlimdən aldı, yoxsa daha erkən böyük uğurlar qazanacaqdım”

2019-cu ildə Rumıniya paytaxtı Buxarestdə keçirilmiş qitə çempionatında 3-cü yer tutmaqla karyerasında ilk böyük uğuru qazanan yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq), Polşanın baş şəhəri Varşavada bir addım da irəli gedərək, gümüş mükafata sahib çıxdı. Allsport.az saytı 32 yaşlı idmançı ilə əlaqə saxlayaraq, ətraflı söhbət edib:

– Karyeranın son dönəmində uğur qazanmaq necə hissdir?
– İlk öncə, usaqlıqdan mənim üzərimdə əməyi olan şəxsi məşqçilərə – Vaqif və Rəfael müəllimlərə “çox sağol” deyirəm. Güləşdiyim qitə və dünya çempionatlarının hamısında medala 1 addım qalmış uduzmuşam. Gec fərqlənməyimin əsas səbəbi, iranlı məşqçilərdir (millimizin keçmiş 1-ci çalışdırıcısı Çəmşid Xeyrəbadini nəzərdə tutur). Onlar düzgün qərar vermirdilər. Onda 23 yaşım vardı, gənc idim, daha çox istəkli idim. 2 il ard-arda Azərbaycan çempionu olmuşdum. Göndərdiyi bütün turnirlərdən uğurla dönmüşdüm. Həmin sınaqlarda Avropa və dünya çempionları, olimpiya mükafatçılarını məyus etmişdim. Çox həvəsliydim, qitə və dünya çempionu olmaq istəyirdim, amma məni bu yarışlarda heyətə daxil etmədilər.

– Taleh, sözündən belə anladım ki, iranlı məşqçilər imkan versəydilər, nəticə daha erkən olardı?
– Bəlkə də, onda fürsət verilsəydi, uğurum daha erkən olardı. Çox heyifsilənirəm ki, cavanlıqda nəticə verə biləcək yaşımızda, o, mane oldu. 2019-cu ildə medal qazanmağım Şaban Donat, Rövsən Bayramov, Emin Əhmədov və Turac Hüseynlidən ibarət məşqçilər heyətinə bağlıdır. Bir az həvəsdən düşmüşdüm, hərdən karyeramı bitirmək istəyirdim. Onların geridönüşümdə böyük rolları oldu, türkiyəli baş məşqçimiz çoxlu maarifləndirici söhbətlər apardı, mənə ruh verdi. Elə həmin ili 3 yarışda qalib gəldim və Avropa çempionatını 3-cü yerdə bitirdim.

– Hər şey nizama düşərkən, koronavirus işinizi əngəllədi…
– Pandemiya bütün dünyada fəaliyyəti zəiflətdi. Öncələr, heç məsq edə bilmirdik. Sonra açıq havada çalışmaya icazə verildi. 9 ay demək olar ki, əsas məşqdən kənar qaldıq. İlk sınaq 2020-ci ilin dekabrında fərdi dünya kuboku oldu. Serbiyada yarış təcrübəsizliyi öz sözünü dedi, Belqradda tam formaya düşməmişdim, sonda 5-ci yer tutdum.
Sonradan yığma komandalara icazə olanda, əvvəlki qaydada məşqlərimizi davam etdirdik. Tam olmasa da, qaydaya düşmüşdüm və istəkli idim. Karyeramın sonlarında nəticəmi yaxşılaşdırdım. Bunda yeni gənc məşqçimiz, keçmiş komanda yoldaşım Həsən Əliyevin payı var. Məşqlərdə, “haydı qoca, artır biraz, sənə inanıram” deməklə, motivasiya verirdi. Üstəlik, bu dəfə medal qazanmağımı, həm özüm, həm də məşqçilər Rövşən Bayramovla Akif Əliyev də cox istəyirdilər. Allaha şükürlər olsun, etimadı doğrultdum. Bu o deməkdir ki, nəticə vermək yaşla deyil. İstəyən, əzmlə, xarakterlə, işi düzgün yerinə yetirməklə, zəhmət çəkib səbir etməklə nail ola bilər.

– Bu qitə çempionatında hansı tutaşma daha yadda qalan oldu?
– 2-ci görüşüm erməni idmançısına qarşı idi. Üzərimdə böyük məsuliyyət vardı. Son 2 ildə 7 dəfə onlarla üz-üzə gəlmiş və hamısında qalib olmuşam. Heç vaxt ermeni güləşçisinə yenilməmişəm! Üstəlik, qardaşımı, bir neçə hərbçi dostumu, və qohumlarımı sevindirmək istəyirdim.
Qarşılaşmada 0:2 geridə idim, amma öz-özümə deyirdim ki, udacağam, rahat idim. Vaxta az qalanda, 2-xalliq fənd edib hesabı bərabərləşdirdim. Qaydaya əsasən, sonda hesabı bərabərləşdirən udur. Qraçya Poqosyan üzərində qələbəni qardaşıma və hərbçi dostlarıma hədiyyə olsun. Son uğurumu həm də, yeni dünyaya gələn qızıma həsr edirəm.

– Çəkin olimpiya proqramına daxil deyil. Bu il üçün başqa planların nədir?
– Öz üzərimdə bir qədər də çalışıb artırıb, oktyabrda Norveçdə keçiriləcək dünya çempionatının qalibi olmağı hədəfləmişəm.

Həmin kateqoriyadan