Kaxabersiz “İnter”ə qarşı ilk dəfə

Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Xorvatiya və Malta ilə keçirdiyi oyunlara görə Topaz Premyer Liqasında yaranan 19 günlük fasilə başa çatır. Allsport.az “Qəbələ İK” qəzetinə istinadla xəbər verir ki, həm Avroliqada, həm də ölkə çempionatında uğurla yarışan “Qəbələ” növbəti oyununa sentyabrın 12-də çıxacaq. Sözügedən komanda Bakıda “İnter”in qonağı olacaq.

“İnter” son 6 ildə ilk dəfə “Qəbələ” qarşısına Kaxaber Sxadadzesiz çıxacaq. Ötən mövsüm başa çatdıqdan sonra bakılılarla vidalaşan gürcü məşqçini həmyerlisi Zaur Svanadze əvəzləyib. Sxadadze ilə yanaşı, komandadan 23 futbolçu ayrılıb. Şübhəsiz ki, heyətdəki köklü dəyişikliklər “İnter”in zəifləməsinə səbəb olub. Üstəlik, müəyyən maddi çətinliklər yaşayan klub cari mövsüm heç də favoritlər sırasında deyil. Bunu paytaxt klubunun ilk 3 turdakı çıxışından sonra da görmək mümkündür. “İnter” “Xəzər Lənkəran”a uduzduğu halda, “Neftçi”yə qalib gəlib, debütant “Zirə” ilə “sülh” bağlayıb. Yəni, Svanadzenin yetirmələri Avroliqada iki mərhələ keçmələrinə baxmayaraq, Premyer Liqada qeyri-sabit çıxış edirlər.

Qarşıdakı görüş eyni zamanda bəzi futbolçular üçün də əhəmiyyətli olacaq. Axı yay transfer mövsümündə “Qəbələ” “İnter”in 5 futbolçusunu – Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Voyislav Stankoviç və Derlis Meza Kollini heyətinə qatıb. Bundan başqa hər iki komandanın heyətində müxtəlif vaxtlarda əks düşərgələrdə çıxış etmiş oyunçular var.

“İnter”lə matç “Qəbələ” üçün turnir cədvəlində liderliyə yüksəlmək baxımından yaxşı imkan sayılır. Bakıdakı görüşdən 4 gün sonra “qırmızı-qaralar”ın Avroliqanın qrup mərhələsinin ilk turunda Yunanıstan PAOK-unu qəbul edəcəyini nəzərə alsaq, komandada əhval-ruhiyyənin qalxması üçün Premyer Liqada qələbə yerinə düşərdi. (Qəbələ İK)

Həmin kateqoriyadan