- Baxış sayı: 315
- 02 Dekabr 2024 20:12
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
Bu gün cüdo üzrə Azərbaycan çempionatının komanda yarışları keçirilib.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında qadınlarda 7, kişilər arasında 9 komanda kubok uğrunda mübarizə aparıb.
Zəriflərdə 52 kq, 57 kq, 63 kq, 70 kq və +70 kq çəkilərdə, güclü cins nümayəndələrin rəqabətində 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölünüb. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşıb. Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan komandalar yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirib.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə “Umbayev” 3:0 hesabı ilə “Neftçi” idman klubuna (2), “Cüdo klub-2012” 3:1 hesabı ilə “Azəri-Cüdo” idman klubuna qalib gəlib. Final görüşü “Neftçi” İK (1) ilə “Şuşa” UGİM arasında keçirilib. “Ağ-qaralar” 3:1 hesabı ilə qalib gələrək qadınlar arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Kişilər arasında bürünc medal uğrunda görüşlərdə “Neftçi” İK 1-ci komandası 3:0 hesabı ilə klubunun 2-ci komandasına, “Kanokan TT” İK 3:1 hesabı ilə “Sərhədçi” idman mərkəzinə qalib gəlib. Final görüşü “Cüdo klub-2012” ilə “Atilla” İK arasında keçirilib. Adı ilk çəkilən mərkəz 3:2 hesabı ilə qalib gələrək kişilər arasında komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan cüdo federasiyası (ACF) icraiyyə komitəsinin üzvü, Azərbaycan cüdo veteranları assosiasiyasının prezidenti, “Cüdo klub 2012” ictimai birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, vitse-prezident Elnur Məmmədli və ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim ediblər.