- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Kişi həndbolçuların Azərbaycan çempionu son turda müəyyənləşib.
Allsport.az xəbər verir ki, Mingəçevirin “Kür” olimpiya idman tədris mərkəzində keçirilən oyunda yerli “Kür”lə paytaxtın “Bakı” komandası qarşılaşıb.
Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. “Kür” 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan paytaxt həndbolçular final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. “Kür”ə isə bunun üçün heç-heçə də kifayət edirdi. Ernest Ağakişi ilə Famil Qasımovun idarə etdiyi oyunun deleqatları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərovla Ələkbər Ağakişiyev olub.
Matça daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan ev sahibi tədricən favorit statusunu təsdiqləməyə nail olub. Bu işdə komandanın qapıçısı Aleksandr Milinkoviçin də rolu az olmayıb. Bir neçə epizodda qapısını real qoldan xilas edən həndbolçu komanda yoldaşlarını qələbəyə ruhlandırıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan “Kür” effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.
İkinci hissədə vəziyyəti dəyişməyə çalışan “Bakı” hücuma atılıb. Amma Sabir Nəzərəliyev və komanda yoldaşları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışla diqqət çəkən “Kür” fərqin azalmasına imkan verməyib. Bu azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar. Teymur Axundov komandasının onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirib. Bundan layiqincə faydalanan ev sahibi üstünlüyü sonadək qoruyaraq oyunu qələbə ilə başa vurub -23:18 və “Kür” Azərbaycan çempionu adına yiyələnib.
Son oyunda uduzan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.