- Baxış sayı: 49
- 10 Dekabr 2024 22:16
- Baxış sayı: 47
- Dekabr 11, 2024
- 0
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 7-ci turunda “Kür” və “Azəryol” komandalarının görüşü maraqla gözlənilirdi. Mingəçevirdə keçirilən oyunu beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyev və referi Ləman Həmidova idarə edib.
Bu tur ərəfəsində liderlər qrupuna başçılıq edən “Azəryol”un, iki oyun az keçirməklə 4-cü yerdə qərarlaşan “Kür” qarşısına favorit qismində çıxdığını söyləmək olardı. Amma çətin səfərdə qarşıya qoyulan tapşırığı yerinə yetirmək heç də asan deyildi. Mingəçevir təmsilçisi də doğma azarkeşlər önündə qələbə qazanmaqla yarış cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq istəyində idi. Matçın əvvəli xala-xal prinsipi ilə müşahidə olunsa da, ev sahibləri tədricən təşəbbüsü ələ alıblar. Bunun məntiqi nəticəsi tabloda əksini tapıb. Mingəçevir həndbolçuları fasiləyə 17:8 hesablı üstünlüklə yollanıblar.
Görüşün ikinci hissəsi də eyni ssenari ilə keçib. Rəqibi əksər göstəricilərdə üstələyən “Kür”, qonaqların vəziyyəti dəyişmək cəhdlərini zərəsizləşdirib. Yaxaladıqları fürsətlərdən isə daha layiqli yararlanan ev sahibləri yekunda inamlı qələbə qazanıblar – 32:23.
“Bakı” 12 xalla yarış çədvəlinə başçılıq edir. Hərəyə 10 xalı olan “Kür”, “Azəryol” və “Qarabağ” ilk dördlükdə qərarlaşıb. “Dinamo” ilə “Təhsil”in hərəyə 6 xalı var. “İdman Akademiyası” 2 xalla 7-cidir. U-17 və “Gənclər Birliyi” hərəyə 1 xalla son pillələrdə qərarlaşıb.