Məmmədov 1/2 finala yüksəldi

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

Allsport.az xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımnfinala vəsiqə qazanıb. O, finala gedən yolda iranlı Meysam Dalxani ilə üz-üzə gələcək.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya çempionu və I MDB oyunlarının qalibi ardıcıl olaraq ABŞ təmsilçisi Peyton Omonya və hindistanlı Qaurov Duhona qalib gəlsə də, 1/4 finalda iranlı Məhəmmədrza Gerayi ilə bacarmayıb. Cəfərov təsəlliverici görüşlərdə iştirak edə bilmək üçün rəqibinin finala adlamasını gözləməlidir.

87 kq-da yarışan İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə uduzub. Rəqibi finala çıxsa, Abbasov təsəlliverici görüşlərə qatılacaq.

Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) ilə qarşılaşacaq.

İndiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.

Həmin kateqoriyadan