MDB oyunlarında 23 güləşçimizdən 16-sı medal qazanıb

Tatarıstanın paytaxtı Qazanda keçirilən 1-ci MDB oyunlarında güləşçilərimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, yarışa 23 nəfərlə yollanan heyətin 16 üzvü medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışda böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında gənclərdən ibarət millinin 8 üzvü mübarizə apardı ki, onlardan da 6-sı fəxri kürsüyə qalxdı. Nihad Quluzadə (55 kq), Həsrət Cəfərov (67 kq) və Sərxan Məmmədov (130 kq) çempion oldu. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə üçüncü yeri tutdu.

Məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5 qadın güləşçimiz Kazanda xalça üzərinə çıxdı. Onlardan 3-ü medalçılar sırasında yer aldı. Uzun fasilədən sonra beynəlxalq yarışa qatılan Şəhanə Nəzərova (50 kq) geridönüşünü gümüş medalla qeyd etdi. Tatyana Varansovayla (53 kq) Birgül Soltanova (65 kq) isə bürünc medal qazandı.

Sərbəst güləş üzrə yarışda tam heyətlə – 10 idmançıyla təmsil olunduq. Böyük məşqçi Zəlimxan Hüseynovla məşqçi Arif Abdullayevin rəhbərliyi altında çıxış edən yığmamızın 7 üzvü ilk “3-lük”də yer aldı. Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl, İslam İlyasovla (97 kq) Aydın Əhmədov (125 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) və Sabir Cəfərov (65 kq) isə bürünc medal əldə etdi.

Həmin kateqoriyadan