- Baxış sayı: 245
- 04 Fevral 2026 11:50
- Baxış sayı: 214
- Fevral 16, 2026
- 0

Fevralın 16-da Azərbaycan gimnastika federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Allsport.az xəbər verir ki, rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son beş ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın nəzarət-təftiş və intizam komissiyalarının strukturunda dəyişikliklər aparılıb, atletlər və apellyasiya komissiyalarının formalaşdırılması nizamnamədə öz əksini tapıb.
Daha sonra icra komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban xanım Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (icra komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (icra komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti beş il müddətinə icra komitəsinin üzvləri kimi təsdiq ediliblər.
İclasda “İntizam qaydaları”, “Etika qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə nəzarət-təftiş komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova intizam komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə apellyasiya komissiyasının üzvləri seçiliblər.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunublar.

