- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 12-сш turunda “Simurq” üçün tarixində daha bir ilk yaşandı. Allsport.az xəbər verir ki, Zaqatala klubunun yetirməsi Kənan Müslümov bu qarşılaşmada əsas heyətdə debüt etdi. O, bununula əlaqədar klub saytına müsahibə verib.
– Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan futbolçulardan biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. Öncə bu barədə fikirlərini bilmək istərdik.
– Mənim üçün böyük bir şərəfdir ki, doğma şəhərimin, Zaqatalanın klubunda forma geyinirəm. Bu, ayrıca bir qürurdur. Başda prezident, klub rəhbərliyi və məşqçilərim olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.
– 11 turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına inanırdınmı?
– Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün şans verdilər. Mən də əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.
– Məşqçilər oyuna daxil olmaq üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirdin?
– Öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil Premyer Liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim.
– Premyer Liqa fərqini hiss edə bildinmi?
– Əlbəttə, sürət, oyunçuların təcrübəsi baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündür.
– Bunun davamlı olması səndə hansı cəhətlər çatmır?
– Davamlı olmasını çox istəyirəm. Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçün də hazırlıqlarda tam gücümlə çalışıram. İnanıram ki, məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox hiss olunan cəhətim təbii ki, təcrübəsizliyim idi.
– Oyundan sonra baş məşqçi ilə söhbətin oldumu?
– Paltardəyişmə otağında hamı kimi, məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.
– Yaxınlarının, azarkeşlərimizin ilk oyununla bağlı fikirləri nə oldu?
– Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu onların zəhmətinin bəhrəsi idi.
– Bir gün sonra bizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?
– “Neftçi” ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə Qəbələ səfərindəndə üç xalla qayıdarıq.
– Səncə qış fasiləsinə qədər komanda qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?
– Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən qarşılaşmalarda itirdiyimiz xalları sığorta etmək üçün əlimizdən gələni edəcəyik.