Milli komandamız mövsümə Premyer Liqa turniri ilə başlayır

Ustalardan ibarət milli komandamız yeni mövsümə Premyer Liqa turniri ilə başlayır. Allsport.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə Dünya Karate Federasiyasının (WKF) ən yüksək reytinqli turnirində 21 idmançımız iştiak edəcək.

Baş məşqçi, federasiyanın məşqçilər komitəsinin sədri Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynov müxtəlif çəki dərəcələrində bir neçə idmançıın mübarizə aparmasını qərara alıb. Firdovsi Fərzəliyev, Ceyun Mustafayev və Nicat Abbasov -60 kq çəkidə, Niyazi Əliyev, Tural Ağalarzadə və Üzeyir Alışanov isə -67 kq çəki dərəcəsində yarışacaq. -75 kq çəki dərəcəsində dünya lideri Rafael Ağayev nəhayət ki, uzun müddətli fasilədən sonra rəsmi yarışlara qatılacaq. Ötən il zədələr və əməliyyat səbəbindən dünya və avropa çempionatları da daxil olmaqla bir neçə mötəbər yarışı buraxmalı olan R.Ağayevlə birgə, bu çəki dərəcəsində Şahin Quluzadə mübarizə aparacaq.

-84 kq çəkidə Ayxan Mamayev, Pənah Abdullayev və Tural Kamallı, +84 kq çəki dərəcəsində isə milli komandanın kapitanı Şahin Atamovdan başqa Orxan Heydərli və Rəsul Əlizadə tatamiyə çıxacaq. Qadınların yarışına 4 idmançımız qatılacaq. Kumite turnirində Nuranə Əliyeva (-50 kq), İlahə Qımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq), kata yarışlarında isə Ədilə Qurbanova çıxış edəcək. Kata üzrə böyük məşqçi Vahid Ayvazaov kişilərin mübarizəsinə Tural Balcanlı, Rafiq Əmirov və Roman Heydərlini də daxil edib. Yarışda fərqlənən idmançılara baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən müvafiq mükafatlar təqdim olunacaq.

Paris Premyer Liqasını idarə edən referilər arasında 3 beynəlxalq hakimimiz – federasiyanın vitse-prezidenti Yusif Məmmədov, hakimlər komitəsinin sədri Cahangir Babayev və Nərgiz Mehdiyeva yer alacaq. 2015-ci ilin ilk mötəbər yarışında 46 ölkədən 929 idmançı iştirak edəcək. Milli komandamızın çıxışlarından operativ informasiyalar, fotostrim və videoyayımlar hazırlamaq üçün federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da turnirə ezam olunub.

Paris Premyer Liqasına yollanan 30 nəfərlik nümaəndə heyətinə federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərik edir. 22 yanvarda Fransaya gedən idmançılarımız 5 gün sonra vətənə dönəcəklər.

Həmin kateqoriyadan