Namiq Əliyev: “Bu say bizi qane edə bilməz”

Azərbaycan güləş federasiyası ilin yekunu ilə bağlı tədbir keçirib. Allsport.az xəbər verir ki, mərasimdə AGF-in rəhbərliyi, əməkdaşları və yığmaların məşqçiləri iştirak ediblər.

Tədbirdə AGF-in prezident əvəzi Namiq Əliyev çıxış edərək güləş ictimaiyyətini dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik edərək deyib: “Bu il Qazaxıstanda keçirilən dünya çempionatında olimpiadaya iki lisenziya qazandıq. Əlbəttə, bu, bizi qane edə bilməz. 2020-ci ildə daha çox lisenziya qazanmalıyıq. Ümid edirəm ki, olimpiadada da uğurla çıxış edəcəyik. Çünki bütün idmansevərlərin əsas medal gözləntisi güləşdəndir. Biz də ümidləri doğrultmalıyıq. Federasiyanın hər bir əməkdaşının qazanılan uğurlarda payı var. Bizim mehriban kollektivimiz var və biz bir ailə kimiyik”.

Azərbaycan prezidenti İlham Əliyevin idmana xüsusi diqqət və qayğısından danışan Namiq Əliyev dövlətimizin başçısının güləşin inkişafı ilə də yaxından maraqlandığını vurğulayıb: “Prezident İlham Əliyev güləşçilərimizi yaxşı tanıyır və onların çıxışlarını təhlil edir. İşinin çoxluğuna baxmayaraq, güləşçilərimiz haqqında bu dərəcədə məlumatlı olması bizi həm təəccübləndirir, həm də daha böyük uğurlara həvəsləndirir. Tədbirimizdə Mariya Stadnik də iştirak edir. O, dünya çempionatında əsl peşəkarlıq göstərərək qızıl medal qazandı. İnanıram ki, qarşıdan gələn olimpiadada nəhayət, arzusuna çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq”.

AGF-in vitse-prezidentləri – Elçin Cəfərov, Firdovsi Umudov, Namiq Abdullayev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, hakimlər kollegiyasının sədri Qərib Əliyev və qadınlardan ibarət yığmamızın baş məşqçisi Aslan Ağayev güləşçilərimizin Tokio olimpiya oyunlarında da uğur qazanacaqlarına əminliklərini bildiriblər.

Həmin kateqoriyadan