Namiq Əliyevdən narazılıq: Əvvəllər yeniyetmələrin olimpiadasına vəsiqəmiz çox olurdu

Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir. Allsport.az saytı xəbər verir ki, 20-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşan millimizin bu gün baş tutan məşqini Güləş federasiyasının prezident əvəzi Namiq Əliyev də izləyib. Hazırlıq başa çatdıqdan sonra, o, komanda ilə görüşüb.

Bu yaxınlarda Slovakiyanın Trnava şəhərində təşkil olunmuş gənc güləşçilərin dünya çempionatında medal qazanan idmançılarımızı təbrik edən Namiq Əliyev böyüklərin mundialında da bir neçə gənc güləşçiyə şans veriləcəyini deyib və komandaya uğurlar arzulayıb.

AGF-nin başçısı milliylə birgə hazırlıq keçən, Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin yay oimpiya oyunlarında ölkəmizi təmsil edəcək Turan Bayramovla da görüşüb və bunları deyib: “Bu dəfə olimpiadaya cəmi 2 lisenziya qazanmışıq. Əvvəllər vəsiqəmiz daha çox olurdu. Ona görə də sənin üzərinə böyük məsuliyyət düşür. Səndən yalnız qızıl medal gözləyirik”.

Öz növbəsində baş məşqçi Firdovsi Umudov Tokio olimpiadasına qədər dünya və Avropa çempionatlarında, həmçinin gələn il Minskdə keçiriləcək ikinci Avropa oyunlarında uğur qazanmağı qarşıya hədəf qoyduqlarını, bunun üçün güləşçilərin əllərindən gələni etməli olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, yığmanın təlim-məşq toplanışında bir neçə dağıstanlı güləşçi, eləcə də İtaliya yığmasının lideri, ikiqat dünya və ikiqat Avropa çempionu Frank Çamizo da iştirak edir. Sabahdan Fransa millisi də yığmamızın toplanışına qoşulacaq.

Həmin kateqoriyadan