Naxçıvanda məşqçi kursu

Azərbaycan voleybol federasiyası (AVF) tərəfindən Naxçıvanda məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursuna start verilib.

Allsport.az xəbər verir ki, AVF-nin Naxçıvan filialının direktoru Vüqar Əliyev Naxçıvanda ilk dəfədir təşkil olunan dərəcə xarakterli məşqçilik kurslarının əhəmiyyətini qeyd edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında voleybol idman növünün hərtərəfli inkişafı istiqamətində görülən işlərdən danışıb.

Vurğulanıb ki, cari ilin may-iyun aylarında keçirilən Azərbaycan çempionatlarında Naxçıvanı təmsil edən komandaların uğurla çıxış etməsi, oğlan və qızlardan ibarət milli komandalara Naxçıvandan 15 nəfərə yaxın idmançının cəlb edilməsi muxtar diyarda voleybolun gələcəyinə nikbin baxmağa imkan verir. Əldə olunan uğurlarda məşqçilərin rolunu qeyd edən Vüqar Əliyev Naxçıvanda voleybol idman növünün inkişafı naminə göstərilən diqqətə və yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlıq edib.

AVF-nin təlim və aşağı yaş qruplarının rəhbəri Çingiz Axarçeşmə bütün dünyada böyük voleybolun aşağı yaş qruplarından başlandığını və bu səbəbdən məşqçi-müəllimlərin nəzəri və praktik biliklərinin artırılmasının əhəmiyyətini qeyd edib. Sonra təlimlərə start verilib.

Kursda 31 nəfər məşqçi-müəllim iştirak edir.

Nəzəri və praktik hissələrdən ibarət olan kurs 6 gün davam edəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.

“1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.

Həmin kateqoriyadan