- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İyunun 3-də gənclər və idman naziri Azad Rəhimov Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolson və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti, professor Kristof Breuer ilə görüşlər keçirib. Allsport.az saytı xəbər verir ki, Baronessa Nikolson ilə görüşdə nazir Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman kompleksləri, Gənclər evləri, eyni zamanda, qeyri-hökumət gənclər təşkilatları barədə ətraflı məlumat verib.
Respublikamızda hər iki sahə üzrə həyata keçirilən yerli və beynəlxalq layihələr, Bakıda ilk dəfə təşkil olunacaq Formula-1 Avropa qran-prisi, Ümumdünya Şahmat Olimpiadası və digər yarışlardan bəhs edən A.Rəhimov birinci Avropa Oyunları zamanı Azərbaycan mütəxəssislərinin ingilis həmkarları ilə sıx əməkdaşlığından, bu ölkədən olan atletlərin “Bakı-2015”də yüksək nəticələr qazanmasından söz açıb.
Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Azərbaycanın müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi “Mən Azərbaycan haqda nə bilirəm?” layihəsinin Böyük Britaniyada da reallaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb. A.Rəhimov ümumilikdə gənclərin müxtəlif sahələrdə əməkdaşlığından, bununla yanaşı, idmançıların qarşılıqlı təlim-məşq toplanışlarına qatılması imkanlarından danışıb, bütün bunların yüksək nəticələr verə biləcəyini qeyd edib.
Baronessa Nikolson iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığa hazır olduqlarını söyləyib. O, xüsusilə Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün müxtəlif sahələrdə həyata keçirdiyi layihələri, onların “Formula-1” Avropa Qran-prisinə cəlb olunmalarını yüksək qiymətləndirib. Qonaq bu sahədə də hərtərəfli əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Köln Almaniya İdman Universitetinin vitse-prezidenti, professor Kristof Breuer ilə görüşdə isə nazir Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər olunduğunu qeyd edib. Nazir akademiyanın tədris proqramında yeniliklərin nəzərdə tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln İdman Universiteti ilə əməkdaşlığın müsbət nəticələr verə biləcəyini söyləyərək deyib: “Biz idmanın istər tibb, istərsə də digər sahələrində sözün əsl mənasında, peşəkarların yetişməsini istəyirik. Təcrübə öz yerində, lakin elmi biliklərə əsaslanan hər bir sahədə inkişaf köklü şəkildə gedə bilər”.
Köln Almaniya İdman Universitetinin vitse-prezidenti Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, Akademiyada yeni islahatların aparıldığını, fakültələrin sayında və əhatə dairəsində dəyişikliklərin edildiyini müsbət qiymətləndirib. Qonaq qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə əminliyini bildirib.