- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Neftçi” rəsmi saytı vasitəsilə klubun Müşahidə Şurasının yaradılmasına dair məlumat yayıb. Allsport.az sizi həmin məlumatla tanış edir.
“SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə “Neftçi” PFK-nın Müşahidə Şurasının yaradılması ilə bağlı iclas keçirilib. İclasda Rövnəq Abdullayev çıxış edərək nəinki “Neftçi”də, Azərbaycan futbolunda dəyişikliyin vaxtının gəldiyini deyib:
“Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, “Neftçi” Futbol Klubu ayrı qurum idi. “Neftçi” İdman Klubu var ki, 36 idman növündə 5 minə yaxın idmançı çıxış edir. “Azərneftyağ” neft emalı zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu idman klubunun tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. “Neftçi” Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Düşündük ki, şurada tanınmış simalar yer alsın”.
Daha sonra yeni yaradılmış Müşahidə Şurası haqqında ictimaiyyətə geniş məlumat verilib. “Neftçi” PFK-nın “Neftçi” İdman Klubunun tərkibinə verilməsi ilə əlaqədar olaraq bir sıra struktur dəyişiklikləri həyata keçib. AFFA-nın İcraiyyə Komitəsinin qərarına və SOCAR rəhbərliyinin göstərişinə əsasən klubun idarəçilik sistemini müasir tələblər səviyyəsində qurmaq üçün aktiv fəaliyyət göstərəcək Müşahidə Şurasına aşağıdakı şəxslər seçilib:
1. Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı
2. Sadıq Sadıqov – “Neftçi” İdman Klubu İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri
3. Mübariz Zeynalov – veteran futbolçu
4. Səməd Qurbanov – veteran futbolçu
5. Cəbrayıl Cəbrayılov – SOCAR-ın vitse-prezidentinin müavini
6. Zaur Qəhrəmanov – SOCAR-ın Sərmayələr idarəsinin rəis müavini
7. Bəhram Bağırzadə – rejissor, aktyor
Müşahidə Şurasının 31 mart 2015-ci il tarixində keçirilən ilk yığıncağında Çingiz Abdullayev yekdilliklə “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri seçilib. Ayda ən azı bir dəfə toplaşmağı nəzərdə tutulan Müşahidə Şurasının qərarına əsasən klubun idarəetmə sistemini həyata keçirmək üçün icraçı direktor vəzifəsi təsis edilib və klubda vitse-prezident işləyən Elnur Məmmədov bu vəzifəyə təyin olunub. Müşahidə Şurasının tapşırığına əsasən icraçı direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidir.
Bundan əlavə, ilkin olaraq klubun Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.