“Neftçi” idman klubunda cüdoda mövcud çatışmamazlıqların həlli istiqamətində müzakirə

Bu gün “Neftçi” idman klubunun inzibati binasında qurumun cüdo məşqçiləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda, öncə ilin idman yekunları, sonuncu ölkədaxili yarışlar təhlil olunub və cüdonun hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Sonra klubun cüdoçularının 2024-cü ildə keçirilmiş olimpiya oyunlarında, dünya və Avropa çempionatında, eləcə də digər beynəlxalq yarışlarda qazandığı nailiyyətlərdən söhbət açılıb, bu nailiyyətlərə görə məşqçilərə və onların yetirmələrinə minnətdarlıq ifadə olunub.

Daha sonra yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından və daha çox uşağın cüdoya cəlb edilməsindən, 2025-ci ildə qarşıda duran vəzifələrdən söhbət açılıb, habelə görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb.

Sonda məşqçilərin çıxışları dinlənilib və mövcud çatışmamazlıqların həlli istiqamətində müzakirələr aparılıb. 2025-ci ildə daha böyük uğurlar qazanmaq üçün müxtəlif fikirlər və təkliflər səsləndirilib.

Xatırladaq ki, “Neftçi” idman klubu son ölkə çempionatında kişilərin komanda yarışında 3-cü, qadınlarda 1-ci yer tutub. Fərdi göstəricidə medalların əyarına və sayına görə hər 2 növdə 1-ci olub.

Həmin kateqoriyadan