“Qəbələ” 15-ə çatdı

Topaz Premyer Liqasının 2-ci turunun AzAL-la qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn “Qəbələ” baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında yubiley – 15-ci qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında 2015-ci ilin əvvəlindən çıxış edən “qırmızı-qaralar” 26 görüşün 5-də heç-heçə edib, 6-da uduzub.

“Dalğa Arena”da əldə olunan 3 xalla komandanın uğurlu seriyaları da davam edib. “Qəbələ” bütün yarışlar nəzərə alınmaqla, son 5 matçda məğlub olmamaqla yanaşı, qol vurur. “Qırmızı-qaralar”ın qol vurmadığı, həm də uduzduğu son qarşılaşma iyulun 16-da “Çukariçki” ilə Serbiyadakı görüş olub – 0:1.

Komandanın son 13 görüşündə isə maraqlı tendensiya müşahidə olunur. “Qəbələ” hər bir oyundan bir – 7 dəfə qalib gəlir.

“Qəbələ”nin Premyer Liqa oyunlarındakı qollu və məğlubiyyətsiz oyunlar seriyası da davam edir. Fevralın 15-də “Neftçi” ilə ev oyununda məğlub olan Qriqorçukun yetirmələri son 14 çempionat oyununda 11 qələbə qazanıb və 3 heç-heçə edib. Ardıcıl 15 Premyer Liqa görüşündə qol vuran “Qəbələ” fevralın 10-da “Simurq”a uduzduqdan (0:2) sonra hər qarşılaşmada rəqib qapısına yol tapır. Bu matçlarda qəbələli futbolçular 29 qola sevinib.

AzAL-la qarşılaşmada iki futbolçu ilk dəfə “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Məhəmməd Mirzəbəyov və Roman Hüseynov “qırmızı-qara” formada debüt ediblər. 2005-ci ildə yaranan klubun tarixində Bakıdakı matçadək 192 oyunçu çıxış etmişdisə, bu rəqəm 194-ə çatıb. Digər iki futbolçu – Dmitri Bezotosnı və Arif Daşdəmirov “Qəbələ”nin heyətində yubiley – 25-ci matçı keçiriblər. Penaltidən rəqib qapısına yol tapan Aleksey Qay 26-cı oyununda yubiley – 5-ci qoluna imza atıb. Oyun sayında rekordçu olan Dodo 5-ci dəfə qarşılaşmaya kapitan kimi çıxıb.

Mirzəbəyov, Hüseynov, həmçinin Vitali Vernidub Premyer Liqada ilk dəfə “Qəbələ” forması geyməklə, buna nail olan oyunçuların sayını 177-yə çatdırıb. Aleksey Antonov isə klubun Premyer Liqada qol hesabını açan 74-cü futbolçusudur.

Həmin kateqoriyadan