“Qəbələ” “Simurq”la oyunun hazırlığını başa vurdu

Topaz Premyer Liqasının 29-cu turunda “Simurq”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlığını başa vurub. Allsport.az xəbər verir ki, bu gün – aprelin 9-da baş tutacaq görüşə matçın keçiriləcəyi Qəbələ stadionunda hazırlaşan “qırmızı-qaralar” oyunöncəsi son məşqini də doğma arenada keçirib.

Roman Qriqorçukun yetirmələri daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Belə ki, yüngül zədədən sonra bərpa prosesi keçən Rafael və Aleksandru fərdi məşqlə kifayətləniblər. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.

Qeyd edək ki, “Qəbələ” – “Simurq” oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan