Qara Qarayev: “Ən yaxşı futbolçu isə özüməm”

“Qarabağ”ın gənc futbolçusu, ötən il “Azərbaycanın ən yaxşı futbolçusu” tituluna sahib olan Qara Qarayev bu gün Türk Dünyası Araşdırmalar Vəqfinin Bakı Atatürk Liseyində görüş keçirib. Allsportt.az xəbər verir ki, görüş şagirdlərin istəyi ilə lisey və media nümayəndələri tərəfindən təşkil edilib.

Məktəb müdiri Əli Devrim “Qarabağ”ın Avroliqada və ölkə çempionatında əldə etdiyi uğurlara görə futbolçunu və komanda yoldaşlarını təbrik edib.

Qara Qarayev isə bildirib ki, ölkə futbolunun inkişafı məhz məktəblərdən başlayır. O, uğur qazanmağın yolunun təhsildən keçdiyini deyib: “Mən ali təhsil almamışam. Lakin həmişə oxumaq arzusunda olmuşam. Amma yeganə bildiyim şey budur ki, yaxşı, layiqli insan olsan, yaxşı futbolçu, ailə başçısı, müəllim də ola bilərsən”.

Uşaqların “Ən yaxşı qapıçı kimdir” sualını cavablandıran futbolçunun cavabı unikal olub: “Dünyanın ən yaxşı qapıçısı bizim bazanın qapıçısı Məhi dayıdır”.

“Dünyanın ən yaxşı məşqçisi kimdir” sualına “Qurban müəllimdir, ən yaxşı futbolçu isə özüməm” deyə cavab verən futbolçu komandasının bir ailə kimi çalışdığını dilə gətirib.

Qara Qarayevə “ən yaddaqalan qolunuz hansı olub” sualı ünvanlanıb. Onun bu suala cavabı da çox maraqlı olub: “Cəmi bircə dəfə qol vurmuşam, o da yadımda qalıb”.

Futbolçu Yasamaldakı 50 saylı orta məktəbdə təhsil alıb: “Mənim təhsil aldığım orta məktəb sökülüb. Amma mən bura gələndə məktəb illərini xatırladım. Dərsdən qaçıb futbol oynadığım günlər yadıma düşdü. İndi isə təhsil almağın vacib olduğunu düşünürəm”. (Virtualaz.org)

Həmin kateqoriyadan