“Qarabağ” bilet satışını dayandırdı, bəyanat yaydı

Azərbaycan çempionu, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klub saytı vasitəsilə bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir:

“Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Seltik” qarşılaşmasının biletləri bu gün satışa çıxıb. Qarşılaşmaya olan hədsiz maraq kassalar önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi “işbazlar” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən “Qarabağ” FK tərəfindən kassalar bağlanıb, hüquq mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb.

Sabah səhərdən etibarən satış yenidən bərpa olunacaq. “Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.

Həmin kateqoriyadan