“Qarabağ” mərhələ keçsə, “Seltik”lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılan püşkatmada qitənin ən nüfuzlu klub turnirindəki təmsilçiz – son çempion “Qarabağ”ın da növbəti rəqibi bəlli olub.

Düzdür, hələ Ağdam klubu növbəti mərhələyə vəsiqəni təmin etməyib. İkinci təsnifat mərhələsindəki rəqibi “Rudar”la (Çernoqoriya) doğma meydanda qolsuz bərabərliyə razılaşan təmsilçimiz bu komandanı keçsə, növbəti mərhələdə kiminlə qarşılaşacağını bilir.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətindəydi. Bu isə sözügedən komandaların növbəti mərhələyə adlayacağı halda daha güclü rəqiblə qarşılaşacağından xəbər verirdi. Bu komandalar aşağıdakı klublardan biri ilə qarşılaşmalı idilər:

“Bazel” (İsveçrə)
“Trençin” (Slovakiya) – “Styaua” (Rumıniya) cütünün qalibi (ilk oyun: 0:2)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya) cütünün qalibi (2:0)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova) cütünün qalibi (0:1)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi (1:0)

Püşkatma nəticəsində Azərbaycan çempionu ilə onun rəqibinin bəxtinə “Seltik” – “Styarnan” cütü düşüb. İlk oyunda Şotlandiya nəhəngi 2:0 hesabıyla qalib gəldiyindən, “Seltik”in üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağı demək olar ki, şübhə doğurmur. Bir sözlə, “Qarabağ” mərhələ adlasa, böyük ehtimalla elə şotlandlarla mübarizə aparacaq. “Qarabağ” – “Rudar” cütünün qalibi ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməli olacaq. Bu isə Şotlandiya nəhəngini mübarizədən kənarlaşdırmaq üçün kiçicik bir üstünlük sayıla bilər.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 28-29-da, cavab görüşləri isə avqustun 4-5-də keçiriləcək.

Həmin kateqoriyadan