YENİLƏNİB
“Qarabağ”ı Avroliqanın pley-offundan məhrum etdilər

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi – son çempion “Qarabağ” da növbəti sınağına çıxıb.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibləri İtaliya “İnter”i, Fransa “Sent-Etyen”i və Ukrayna “Dnepr”i idi. Həlledici turda isə “Qarabağ” Milan təmsilçisi ilə qarşılaşıb.

Sözsüz ki, təmsilçimizin rəqibləri arasında ən adlı-sanlısı məhz “İnter” idi. Maraq üçün bildirək ki, milanlılar Avroliqanın qrup mərhələsində bundan öncə bir dəfə Azərbaycan klubuna rəqib olmuşdu. 2 il bundan öncə “Neftçi” ilə eyni qrupda yer alan “İnter” Bakıda “ağ-qaralar”ı 3:1 hesabı ilə məğlub etsə də, doğma azarkeşləri önündə bunu təkrarlaya bilməmişdi – 2:2. “Qarabağ” isə səfərdə məğlub olduğu bu rəqibinə mütləq qalib gəlməliydi. Çünki komandamızın növbəti mərhələyə vəsiqə qazanmaq üçün buna çox ehtiyacı vardı. “Qarabağ” bu oyun öncəsi F qrupunda 5 xala malik idi. Ağdamlılar Milan klubuna məğlub olsa, növbəti mərhələyə adlaya bilməyəcəyi dəqiq idi. Belə olan halda F qrupunun ikincisi “Dnepr” (4 xal) – “Sent-Etyen” (5 xal) cütünün qalibi olacaqdı. Həmin oyunda heç-heçə qeydə alınacağı halda isə, fransızlar pley-offa vəsiqə qazanacaqdı.

“Qarabağ” “İnter”lə sülh bağlasa, o zaman digər oyunda da heç-heçə qeydə alınmasını arzulayacaqdı. O zaman bütün komandalar öz yerində qalacaqdı ki, şəxsi oyunlardakı göstəricilərinə görə, ağdamlılar “Sent-Etyen”i qabaqlayacaqdı. “Qarabağ” sülh bağlasa, digər oyunda qalib gələn gülən tərəf olacaqdı. “Qarabağ” “İnter”ə qalib gələcəyi təqdirdə isə, digər oyunun nəticəsindən asılı olmayaraq, pley-offa məhz Azərbaycan çempionu vəsiqə qazanacaqdı.

Bu görüşdə qolsuz heç-heçə qeydə alınıb. Baxmayaraq ki, ağdamlılar matçın son saniyələrində vurduğu qolla növbəti mərhələyə adlamalıydı. Gəl ki, oyunu idarə edən hakimlər ədalətsiz olaraq komandamızın təmiz qolunu hesaba almadılar.

“F” qrupu çərçivəsindəki digər oyunda “Dnepr” “Sent-Etyen”i qonaq edib və 1:0 hesabıyla qalib gəlib. Nəticədə, “İnter”lə yanaşı növbəti mərhələyə Ukrayna təmsilçisi vəsiqə qazanıb.

Avropa Liqası, “F qrupu”
11 dekabr

Qarabağ – İnter 0:0 (0:0)
Sarı vərəqə: N.Ələsgərov, 18.
Hakimlər: Miroslav Zelinka, Andrey Pelikan, Jiri Molaçek, Antonin Kordula.
Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (Çex Respublikası).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

Qarabağ: İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov (7. Namiq Yusifov, 43), 99. Namiq Ələsgərov (18. İlqar Qurbanov, 60).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 30. Xuan Pablo Karrizo, 6. Marko Andreolli (k), 14. Uqo Kampanyaro, 25. İbrahima Mbaye, 33. Danilo D`Ambrozio (93. Federiko Dimarko, 84), 54. İsaak Donkor, 20. Joel Obi (92. Enriko Baldini, 90+1), 44. Rene Krhin, 90. Yann Mvila, 7. Pablo Osvaldo, 97. Federiko Bonatsoli.
Ehtiyat oyunçular: 95. Davide Kosta, 46. Tommazo Berni, 24. Qyaçomo Skiaçça, 96. Andrea Palatsi.
Baş məşqçi: Roberto Mançini.

Həmin kateqoriyadan