- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ” yeni baş məşqçisi Roman Qriqorçuku ictimaiyyətə təqdim edib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 18-ci turunun “İnter”lə Qəbələdəki oyunundan sonra baş tutan tədbiri klubun vitse-prezidenti Fariz Nəcəfov giriş sözü ilə açıb.
O, mətbuat konfransına qatılanları salamlayıb və ukraynalı mütəxəssisin təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Dorinel Muntyanu ilə yollarımızı ayırdıq. Bunun bir çox səbəbləri var. Amma indi bu haqda danışmaq istəmirəm. İndi komandamızın yeni baş məşqçisi var. Bu, Roman Qriqorçukdur. Onunla hələ yayda maraqlanırdıq. Amma o zaman danışıqlarımız baş tutmamışdı. Bu dəfə anlaşa bildik. İnanıram ki, əməkdaşlığımız uzunmüddətli olacaq. Baş məşqçimizin qarşısına komandanı avrokuboklara çıxarmaq vəzifəsi qoyulub”.
Sonra söz 49 yaşlı mütəxəssisə verilib. Qriqorçuk karyerasını Azərbaycanda davam etdirməsindən məmnunluğunu ifadə edib: “Qəbələ”də olduğum üçün çox şadam. Elə ilk görüşdən aydın oldu ki, bu klubda qarşısına böyük hədəflər qoyan ciddi və iddialı insanlar çalışır. Bizim baxışlarımız da üst-üstə düşürdü. Buna görə də anlaşmağımız elə də çətin olmadı. Qəbələyə gəlib, burdakı əla şəraiti görəndən sonra isə bir daha burada olmağımın düzgün olduğuna əmin oldum. Klub rəhbərliyi ilə hələ yayda danışıqlarımız olmuşdu. Lakin həmin vaxt “Çernomorets”də qalmağı özümə borc bilmişdim. Məni orada saxlayan səbəblərə indi toxunmaq istəmirəm. Amma vəziyyət dəyişdi və indi “Qəbələ” ilə anlaşdım. Hazırda “Qəbələ” turnir cədvəlində öz yerində deyil. Bu vəziyyəti düzəltmək lazımdır. İnfrastruktur var. Bundan sonra çalışmalıyıq. Oyun, onunla birlikdə nəticə də gələcək”.
Azərbaycanda olduğu müddətdə “Qəbələ”nin matçlarını izləyən mütəxəssis komandanın oyunu haqda da fikirlərini bildirib: “Komandanın bir çox oyunlarını izlədim. Bu, məndə müsbət təəssürat yaratdı. Lakin yüksək nəticələr üçün heyət elə komplektləşməlidir ki, orda rəqabət olsun. Təbii ki, yeni transferlər olacaq. Mən “Çernomorets”dən bir neçə oyunçunu komandamda görmək istəyərdim. Amma hələ futbolçularla danışığım olmayıb. Köməkçilərimlə yalnız iki gün öncə danışmışam. Bizə elə futbolçular lazımdır ki, klub rəhbərliyinin istədiyi oyun üslubuna uyğun olsunlar”.
Ukraynalı mütəxəssis müqavilə ilə bağlı fikirlərini də açıqlayıb və bildirib ki, daha uzun müddət klubda qala bilər: “Çernomorets” rəhbərliyi ilə qarşılıqlı razılıqla ayrıldıq. Mənim başqa variantlarım da var idi. Amma indi bu haqda danışmaq mənasızdır. Mən “Qəbələ”ni seçdim. Səbəbi isə rəhbərliklə baxışlarımızın üst-üstə düşməsidir. Müqaviləni ona görə ilyarımlıq imzaladıq ki, lazım olsam, yenə qalaram. “Qəbələ” rəhbərliyində elə ciddi insanlar var ki, hətta müqaviləsiz də keçinə bilərdik. Güclü komanda yaratmağa vaxt lazımdır. Daha çox çalışıb, daha yüksək hədəflərə çatmaq lazımdır. Biz 2015-ci il yanvarın 5-də hazırlıqlara başlayacağıq. Artıq 2016-cı ilin yanvarında bunun nəticəsini görəcəksiniz”.
Qriqorçuk Azərbaycan Premyer Liqası haqda fikirlərini də açıqlayıb: “Azərbaycan çempionatında çox yaxşı səviyyəyə malik komandalar var. Burada çempion olmaq heç də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır. Bütün komponentlərdə üstün olmaq lazımdır ki, Premyer Liqanın qalibi olasan”.