- Baxış sayı: 47
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
Azərbaycan milli antidopinq agentliyi (AMADA) təmiz idman dəyərlərini təbliğ edən növbəti antidopinq maarifləndirmə təbliğatını 2024-cü ilin “İdman paytaxtı” seçilmiş Qubada 3-cü idman festivalının iştirakçıları üçün keçirib. Allsport.az saytı xəbər verir ki, Nizami parkında xüsusi stendlə çıxış edən AMADA-nın əməkdaşları festival iştirakçılarına və şəhər sakinlərinə Agentliyin fəaliyyəti, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi haqqında məlumat veriblər.
2024-cü ilin “İdman səfirləri” – taekvondoçu Fəridə Əzizova, bədii gimnastika üzrə millinin məşqçisi Aliyə Paşayeva, futbol üzrə Azərbaycan millisinin skautu İlqar Qurbanov, sabiq cüdoçu Orxan Səfərov və milli idman növləri üzrə məşqçi Xəyyam Orucov AMADA-nın stendi ilə tanış olub, idmançılara təmiz idman dəyərlərinə sadiq olmağın vacibliyi barədə çağırış ediblər. Ziyarətçilər, həmçinin narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları haqqında ətraflı məlumatlandırılıblar.
İki gün davam edən antidopinq maarifləndirmə təbliğatında müxtəlif interaktiv sorğular vasitəsilə idmançıların antidopinq bilikləri yoxlanıb. Suallara doğru cavab verənlər AMADA-dan hədiyyələr qazanıblar. Ədalətli rəqabət və sağlam idman ruhunu təbliğ edən stend idmançılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Təmiz idman şüarı altında idmançıları bir araya toplayan AMADA antidopinq maarifləndirmə təbliğatını mütəmadi olaraq davam etdirir. Gənclər və idman nazirliyi və Bakı şəhər halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə keçirilən festivala 23 idman növü üzrə 13-15 yaşlı 100 idmançı və 34 məşqçi qatılıb. Festivalda Türkiyə və Mərakeşdən olan idmançılar da iştirak edirlər.
Bu, sayca üçüncü idman festivalıdır. İlk tədbir 2022-ci ildə Şəkidə, ötən il isə Qubada təşkil edilib.