“Doğma azarkeşlər önündə məğlub olmamaq əsas istəyimizdir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda sabah İtaliya “İnter”i ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında aşağıdakıları deyib:

– Bizi çox vacib oyun gözləyir. Qrupun son oyunudur. Bilirik ki, çox məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, sabah ən düzgün oyunumuzu göstərək. Ən çox istəyim odur ki, doğma azarkeşlər önündə məğlub olmayaq. Bilirəm ki, bunu bütün futbolçularımız istəyir. Rəqibin oyun sistemində bir qədər dəyişiklik oıub. Bu, yeni baş məşqçi ilə bağlıdır. Bu, bizim oyunumuza mane ola bilər. Bütün bunlara baxmayaraq çalışacağıq ki, azarkeşləri və sizləri sevindirək.

– Sabah Bədavi Hüseynov və Reynaldo oynaya biləcək?
– Reynaldo sabah oynaya bilməyəcək. Bədavi isə bu gün komanda ilə məşqə çıxdı. Onun oynayıb-oynamayacağı sabah bilinəcək.

– “İnter”in Bakıya ikinci heyətlə gəlməsi “Qarabağ”ı sevindirə bilər?
– Bu fikirlər komandamıza mane ola bilər. Məncə, “İnter”in ikinci heyəti əsas heyətdən zəif olmayacaq. Çünki onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Əgər “İnter” əsas heyətlə oynasaydı, bizim üçün daha rahat olardı. Çünki onların hər birini tanıyırıq.

– Demək olarmı “Qarabağ” sabah tarixinin ən vacib matçına çıxacaq?
– Bu günə qədər verdiyimiz nəticələrə baxsaq, elə görünür. Ancaq “Tvente” ilə oyundan əvvəl də belə bir fikir formalaşmışdı. Həmişə açıqlamalarımda bildirmişəm ki, bugünkü oyun nə qədər vacibdirsə, sabahkı daha vacibdir.

– “Qarabağ” Avropada göstərdiyi oyunla Azərbaycan futbolunda məğlubiyyət psixologiyasını dağıtdı. Komandanız qrupdan çıxsa, bizim futbol ictimaiyyəti sizdən Avropa Liqasının qalibi olmağınızı tələb edəcək. Buna hazırsınız?
– Qoy, biz qrupdan çıxaq, nə düşünürlər, düşünsünlər.

– “Qarabağ” hələ ki, qrup mərhələsinin ev oyununda qalib gələ bilməyib. Bunu sabah edə bilərsiniz?
– Bu gün ancaq qələbə haqda düşünsək, yanılarıq. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməyə çalışırıq. Bəzən bacardığımızdan artığını edirik, bəzən isə istədiyimiz alınmır. “İnter”lə “Qarabağ”ı hərtərəfli müqayisə etsək, rəqibin çox üstün olduğunu gösrərik. Bəzən bərabərlik qələbə qədər önəmli olur. Həqiqətən sabah azarkeşlərimz qarşısında uduzmağı istəmirik.

– “Sent-Etyen”lə oyunda Almeyda çoxlu top itkisi ilə yadda qaldı. Oyunda sonra bildirdi ki, bu, onun yeni mövqedə oynaması ilə bağlıdır.
– Bu, hər bir futbolçuda ola bilər. Hər bir oyunda futbolçuların mövqeyində dəyişiklik ola bilər. Lazım gəlsə, sabah da mövqeyində dəyişiklik olacaq. Məncə, Almeyda top itkisindən çəkinmir.

– Demək olarmı sabah bir qulağınız Ukraynada olacaq?
– Yox, ikisi də burda olacaq (gülür). Ancaq ola bilər ki, oyunun sonuna yaxın futbolçulara hər hansı bir məlumat verilsin.

Həmin kateqoriyadan