- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən “Zirə”ylə yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı sizi həmin müsahibə ilə tanış edir:
– Əlbəttə, çatışmazlıqlar var. İndi elə bir dönəmdi ki, mütləq çatışmazlıqlar olacaq. Düşünürəm ki, bir neçə oyun bunu hiss edəcəyik. Hər hansı bir formada əskiklərimizi aradan qaldırmağa çalışacağıq. Ümumi durum isə pis deyil.
– Bu oyunda əsas narazılığınız nə oldu?
– Bu gün üçün ümumi narazılığım var, futbolçuların həm fiziki hazırlığı, həm texniki-taktiki hazırlığı normal deyil. Futbolçu öz formasını tam bərpa etmədikdə səhvlər çox olur. Ayrı-ayrı oyunçuların səhvləri komanda şəklində təsir edir. Buna normal baxıram və ən başlıcası budur ki, futbolçular bunu dərk edirlər, tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Bəzi səhvlər və top itkiləri normaldır. Bu həftə məşqlərimizi sırf yarış tipində keçirəcəyik və tam fərqli bir sistemdə çalışacağıq. Düşünürəm ki, “Düdelanj”la oyuna kimi futbolçuların durumu daha da yaxşılaşacaq. Həm fiziki, həm də taktiki hazırığımız daha ideal olacaq.
– Bu mərhələdə yoxlama oyunları və fiziki yükləmələr futbolçularda yorğunluq yarada bilər. Buna görə narahat deyilsiniz?
– Narahatlığımız daha çox bu məqamlardandı. Futbolçu belə anlarda psixoloji cəhətdən daha da hazır olmalıdı. Bu dəqiqə psixoloji hazlırlıq cəhətdən daha çox çalışmalıyıq və bunun da üzərində işləyirik.
– Ansi Aqolli Fransada təşkil olunan Avropa çempionatından birbaşa “Qarabağ”ın düşərgəsinə qoşulub. Onun üçün istirahət etməməyin hər-hansı bir problemi yoxdur?
– Ansi peşəkar futbolçudu və hər şeyi çox gözəl dərk edir. İlk günlərdə müəyyən qədər yorğunluq hiss olundu, həm də Avropa çempionatının atmosferindən çıxmamışdı. Əvvəlki yoxlama oyununda 45 dəqiqə oynamışdısa, bu gün daha çox oynadı. Ansi “Zirə” ilə oyunda özünü yaxşı tərəfdən göstərdi və sübut etdi ki, qarşıdakı turnirə hazırlaşır.
– Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda üçün belə hücum xətti yetərlidimi?
– Bəlkə hücum xəttimiz bu günə kimi yetərli olub. Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücumçu ilə güclənməyimizi çox istəyirəm. Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdür. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var, buna görə də bunu yerinə yetirə bilmirik.
– Nüanslar bizim çempionatın zəif olması ilə əlaqədardı, yoxsa istədiyiniz hücumçunu tapa bilmirsiniz?
– Yox, burda çempionatın heç bir rolu yoxdu. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq. Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdur. Buna görə doğru qərar verməyə çalışırıq. Bəzi futbolçular da düşündüyümüzdən qat-qat çox maliyyə istəyirlər.
– Bəziləri “Qarabağ”ı artıq üçüncü mərhələdə görürlər. Bu, sizin işinizə problem yaradırmı?
– Bu, həmişə bizim işimizə problem yaradır. Buna normal baxırıq və bütün fikirləri normal qarşılayırıq. Dəfələrlə demişəm ki, ilk oyun mənim üçün digərlərindən daha vacibdir və daha çətindir. Çünki futbolçuların tam hazır olması və oyuna köklənməsi daha vacibdi. Bu məsələləri normal qəbul etməliyik.
– Qapı xəttini də gücləndirmək fikriniz var?
– Axtarışdayıq. Planımızda belə bir şey var. Çalışırıq, komandamıza daha bir qapıçı cəlb edək.
– Avstriyadakı təlim-məşq toplanışını tez başa vurmağınızın səbəbi nə oldu?
– Çempionlar Liqasında ilk oyunumuzun evdə olması. Həm də Respublika stadionuna uyğunlaşmağımız. Sonuncu dəfə burada kubokun finalında oynamışıq, ondan əvvəl isə uzun müddət idi ki, bu arenada çıxış etmirdik. Futbolçuların mühitə uyğunlaşması da bu qərarı qəbul etməkdə rol oynadı.
– Meydançanın ot örtüyündən bir şikayətiniz yoxdur?
– Yox, normaldır. Havaların çox isti olmasına görə, bir az çatışmazlıqlar var. Amma düşündüyümüzdən daha yaxşıdır. Bir-iki oyun oynadıqdan sonra, ot örtüyü istədiyimiz kimi olacaq.