Qurban Qurbanov: “Pis futbol göstərmədik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Öz oyunumuzdan danışsaq, komanda pis futbol sərgiləmədi. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Zədəli oyunçularımız var. Hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır.

Biz bu zədələri gözləyirdik. Reynaldo ilə bağlı tam dəqiq danışa bilmərik. Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq. Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydanlara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.

Həmin kateqoriyadan