Qurban Qurbanov: “Qarabağ”ın da “Seltik” kimi fanat ordusu var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Seltik”ə (Şotlandiya) 0:1 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, cavab oyununda azarkeşlərə güvəndiyini bildirib:

“Çox maraqlı və gərgin oyun alındı. Qarşılaşmadan əvvəl məğlub ola biləcəyimizi demişdim. Rəqibimiz yaxşı komanda olduğunu göstərdi, Qlazqoda çətinlik çəkdik. “Seltik”in baş məşqçisini və futbolcularını təbrik edirəm”.

Qurbanov komandasından razı qaldığını deyib: “Komandam yaxşı oyun nümayiş etdirdi. Hesab edirəm ki, bizi Azərbaycan azarkeşlərinin dəstəyi altında çox maraqlı cavab oyunu gözləyir. Qlazqoda onminlərlə azarkeş qarşısında oynamaq xoş təəssürat yaratdı. “Qarabağ”ın da “Seltik” kimi fanat ordusu var. Onlar bizim qələbə qazanıb mərhələ adlamağımız üçün bizə böyük dəstək verəcəklər”.

Qeyd edək ki, “Qarabağ”la “Seltik” arasındakı cavab görüşü avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.

Həmin kateqoriyadan