Qurban Qurbanov: “Yanq Boyz” ilə oyunda penaltilər haqqında düşünmürük”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, öncə bunları deyib:

– Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir.

– Stadionun ot örtüyü hansı vəziyyətdədir?
– Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik.

– Səfərdə qazanılan qələbədən (1:0) sonra futbolçularda eyforiya yarana bilər…
– Düşünmürəm ki, kimsə eyforiyada olsun. Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Azarkeşlər və sizlər bizə böyük ümid bəsləyirsiniz. Siz daha arxayınsınız, nəinki biz. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır.

– “Qarabağ” Avropa Liqasının son oyunlarında çox az qol vurur. Bu, komandanızın həddindən artıq ehtiyatlı oynamasından irəli gəlir?
– Bəzən bir qol, bəzən isə qolsuz heç-heçə də kifayət edir. Qoy, nəticə bizim tərəfimizdə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözləlliyi qoldur. Biz də çalışırıq ki, komandamız hücumlarda daha kəsərli olsun. Bunun üzərində işləyirik.

– Əlhərbi Əl Jadeyuinin durumu necədir?
– Əzəlisində problem var. Sabah oynamayacaq.

Stadionun ot örtüyünün pis vəziyyətdə olması “Qarabağ”ın oyununa nə dərəcədə təsir göstərəcək?
– Ola bilər ki, sabah baxımlı oyun olmasın. Əvəzində mübarizə və sürətli futbol görə bilərik.

– Penaltilərə hazırlaşmısıznızmı?
– Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq.

– Qeyd etdiniz ki, rəqib təhlükəli komandadır. Bəs “Yanq Boyz”un zəif cəhətləri nədir?
– Bunu deməsəm yaxşıdır. Hər bir rəqibə hörmət etməliyik, zəif yerini deməməliyik. Əksinə, öz səhvlərimizi qabartmalıyıq. Statistikaya baxsaq, rəqib bizdən üstün komandadır. Çalışacağıq ki, kollektiv şəkildə onların qarşısını alaq.

– Çumbinyonun durumu necədir?
– Vəziyyəti normaldır. Ola bilər ki, tədricən çempionat oyunlarında meydana çıxsın.

Həmin kateqoriyadan