Rəşad Eyyubov: “Onların üstün və ya zəif cəhəti haqda danışmaq istəmirəm”

“Lənkəran klubuna qarşı oyunumuz ağır olacaq. Rəqib yaxşı komandadır. Sonuncu çempionat oyununda bunu bir daha göstərdilər”. Allsport.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Rəşad Eyyubova məxsusdur.

Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində oktyabrın 24-də Gəncədə komandasının “Xəzər Lənkəran”la qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb: “Oyuna hazırlığımız davam edir, ümid edirəm ki, arzuladığımız nəticəni əldə edəcəyik. Rəqibimizin heyətində istedadlı gənclərlə yanaşı, təcrübəli, tanınmış futbolçular da var. Onlardan Rahid Əmirquliyev, Rasim Ramaldanov, Adrian Skarlatakenin adını çəkmək olar. Maraqlı oyun gözlənilir”.

“Xəzər Lənkəran” Rəşad Eyyubova daha yaxından tanış komandadır. Belə ki, mövsümlərarası fasilə dövründə orta xətt oyunçusu cənub klubuna transfer edilmişdi. Amma Lənkəran təmsilçisinə qoyulan məlum transfer qadağası səbəbindən debüt etmədən klubdan ayrılmalı oldu. Son nəticədə isə Eyyubov “Kəpəz”ə keçdi: “Onların üstün və ya zəif cəhəti haqda danışmaq istəmirəm. Çünki baş məşqçimiz bunları bizdən daha yaxşı bilir. Oyundan öncə buna da uyğun tapşırıqlarını verəcək”.

Həmin kateqoriyadan